Bu il dahi şair və mütəfəkkir, qüdrətli söz və fikir ustadı Nizami Gəncəvinin anadan olmasının 880 illiyi tamam olur.
Nizami Gəncəvinin 880 - illik yubileyi münasibəti ilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 2021-ci ilin “Nizami Gəncəvi İli” elan edilməsi haqqında Sərəncam imzalamışdır. Sərəncamdan irəli gələn tədbirlər planına əsasən F.Köçərli adına Respublika Uşaq Kitabxanası bir sıra layihə və tədbirlər həyata keçirir.
Dünya mədəniyyət tarixinin zənginliyi sonsuz bir ümmanı xatırladır. Bu sonsuz ümman insan zəkasının bəhrəsi olan nadir elm, fəlsəfə və sənət inciləri ilə dolu zəngin xəzinədir. İnsanlığın dərin ehtiram və məhəbbətlə qoruyub saxladığı və yaşatdığı bu mənəvi mədəniyyət xəzinəsində orta əsr Azərbaycan fəlsəfə poeziyasının ən görkəmli nümayəndəsi, Şərqi və Qərbi əsrlər boyu məftun etmiş Nizami Gəncəvinin insanpərvər yaradıcılığı xüsusi yer tutur. Nizami Gəncəvi humanist, mütəfəkkir şair kimi şöhrət qazanmış, əsərləri dünya bədii söz xəzinəsinin incisi kimi sənət sərraflarının diqqətini cəlb etmişdir. Nizami Gəncəvi əsərlərində qaldırdığı bəşəri ideyalarla bir-birini əvəz edən bütün nəsillərin, eləcə də bizim mənəvi müasirimizdir. Azərbaycan ədəbiyyatı böyük Nizamiyə qədər mürəkkəb və şərəfli yol keçmişdir. “Kitabi Dədə Qorqud” kimi möhtəşəm bir abidə ilə təmsil olunan söz sənətinin ən layiqli varisi olaraq meydana çıxan Nizami Gəncəvi özünəqədərki mədəniyyəti əlçatmaz zirvəyə qaldırmışdır. Nizami poeziyası fikir və düşüncə baxımından zəngin bir ümmandır. Mayası elm və ürfan, qayəsi insana və dünyaya məhəbbət olan bu poeziyada insan yerlərin və göylərin sirlərini öyrənməyə, dərk etməyə həyatını öyrəndiklərinə uyğun qurmağa çalışan fəal bir şəxsiyyətdir. Bəli, Nizami Gəncəvi Azərbaycan xalqının bəşəriyyətə bəxş etdiyi dahi şəxsiyyətlərdəndir.
F.Köçərli adına Respublika Uşaq Kitabxanası təşkilatçılığı ilə Azərbaycan və dünya ədəbiyyat xəzinəsinə çox dəyərli töhfələr verən dahi şair Nizami Gəncəvinin 880 illiyinə həsr edilmiş carı ilin 06 – 10 dekabr tarixlərində keçiriləcək “Dünyada söz olmasa, nəyə gərək düşüncə” adlı onlayn Festivala start verildi.
Respublika Uşaq Kitabxanası 7-17 yaş arası uşaq və yeniyetmələri Festivalda iştirak etməyə dəvət edir.
Festival çərçivəsində:
6 dekabr ”Nizami Gəncəvi əsərləri rəsmlərin dili ilə” adlı rəsm günü,
7 dekabr “Şairlər ustadı böyük Nizami” adlı şeir günü,
8 dekabr “Nizami və musiqi dünyası” adlı musiqi günü,
9 dekabr “Söz mülkünün ustadı” adlı ailəvi - onlayn viktorina
10 dekabr “Söz sənəti mülkünun sultanı” adlı elmi konfrans keçiriləcəkdir.
İştirak etmək istəyənlər rəsmləri, şeir parçaları və musiqi ifalarını video təqdimat formatında dekabr ayının 1- nə kimi Respublika Uşaq Kitabxanasının elektron ünvanına göndərməlidirlər.
Festivalın keçirilməsində əsas məqsəd qüdrətli söz və fikir ustadı Nizami Gəncəvinin insanları daim əxlaqi kamilliyə çağıran və yüksək mənəvi keyfiyyətlər aşılayan zəngin yaradıcılığını təbliğ etmək, həmçinin, mütəfəkkir şairin sənətinin bir daha öyrənilməsi, tanıdılması və gələcək nəsillərə çatdırılmasıdır.
Aşağıdakı link vasitəsi ilə Festivalın şərtləri ilə yaxından tanış ola bilərsiniz:
https://clb.az/arxiv2021/27-sentyabrdan-balanan-rfli-yol_d3171.html