“Bəxtiyardır o şair ki, rübabında
mühitinin mahnısını çağırır,
Sonra bütün gur səsilə gələcəyə hayqırır”
M.Müşfiq
Bildiyimiz kimi, ötən il ölkə Prezidenti İlham Əliyev cənabları XX əsr Azərbaycan poeziyasının qüdrətli qələm sahiblərindən olan Mikayıl Müşfiqin 100 illik yubiley tədbirinin 2008-ci ildən başlayaraq, təntənəli şəkildə respublika miqyasında qeyd olunması haqqında sərəncam imzalamışdır. Bu sərəncam ölkə rəhbərinin Azərbaycan ədəbiyyatına və onun görkəmli şəxsiyyətlərinə olan dərin məhəbbət hissindən doğan bir addımdır. Azərbaycan poeziyasının söz sahibi olan Mikayıl Müşfiq qısa bir ömür yaşasa da, sovet imperiyasının tüğyan etdiyi bir zamanda qələminin gücünü, eləcə də, dərin təfəkkürünü dərk edərək, bir-birindən fərqlənən mövzuda şeir nümunələri yaratmışdır ki, bunların hər birində də şairin sənətə, həyata, cəmiyyətə olan saf təmiz münasibəti və ideyaları öz əksini tapmışdır. Mikayıl Müşfiq XX əsrin 20-ci illərindən başlayaraq, poeziya dünyasında müdrik, fəlsəfi mahiyyət kəsb edən nəzm əsərləri ilə dövrün, cəmiyyətin ahəngini, eləcə də, bu mühitdə yaşayan insanların həyat tərzini, onların baxışlarını ifadə etməyə qadir olmuşdur. Söz mülkündə hünərini göstərən qələm və idrak gücünün hər şeydən üstün olduğunu təsdiqləyən şair, buxovlar içərisində mətinliyinin cəsarətini məhz nəzmə çəkdiyi misraları ilə göstərə bilmiş, oxucusu ilə özü arasında yaratdığı mənəvi körpüdə ideal hissləri tərənnüm etmişdir. Bu ideallıqda bəşəri duyğular, insanlığa, xalqa xidmət, Azərbaycana olan sonsuz sevgi hissi ana xətt olaraq təzahür etmişdir.
Mikayıl Müşfiqin sənət dünyasının hər yarpağında şairin şəxsiyyəti ilə sözünün ahəngindəki cazibə vəhdət təşkil etmiş və bu münasibət ömrünün sonuna qədər yaradıcılığında öz əksini tapmışdır.
M.Müşfiq 1908-ci ilin iyun ayının 5-də Bakı şəhərində müəllim ailəsində dünyaya gəlmiş, doğulduğu mühitdə bir ziyalı kimi formalaşmağa başlamışdır. Belə ki, şairin göz açdığı mühit müəllim və şair ailəsi olmuşdur. Kiçik yaşlarından anasını itirən şair qohumlarının himayəsi altında tərbiyə almış, ibtidai təhsili rus-Azərbaycan məktəbində almışdır. 1920-1927-ci illərdə əvvəlcə Bakı Darül müəllimində, sonra isə 12 nömrəli iki dərəcəli məktəbdə təhsil almışdır. Elmə, təhsilə böyük diqqət, qayğı göstərən Mikayıl Müşfiq 1931-ci ildə 23 yaşında ikən Azərbaycan Pedaqoji İnstitutunun dil və ədəbiyyat şöbəsini bitirmişdir. Ali təhsilli mütəxəssis kimi Bakı məktəblərində müəllimlik etmişdir. Pedaqoji fəaliyyət göstərən Mikayıl Müşfiq tədris müəssisəsində vətən övladlarına Azərbaycan poeziyasının, eləcə də, dilinin qrammatik normalarını öyrətməklə yanaşı, onların şəxsiyyət kimi yetişməsinə böyük təkan vermişdir.
Qeyd edək ki, hələ onun gənc ikən müəllimlik etdiyi illərdə öz əsərlərini tədris prosesində yetirmələrinə təqdim etdiyi zaman çoxları Mikayıl Müşfiqin məhz bu səpkidə əsərlər yazmasından xəbərsiz idi. Onu da vurğulayaq ki, şairin misralarında əks olunan vətənpərvərlik duyğuları həmin illərdə birmənalı şəkildə qarşılanmırdı. Belə məzmunda əsərlər ortaya qoyan yaradıcı simaların sənət nümunələrinin açıq-aydın şəkildə təqdim olunmasında bir sədd var idi. Buna baxmayaraq, Mikayıl Müşfiq öz əsərlərinin geniş oxucu kütləsinə heç bir qorxu hissi keçirmədən təqdim etmək iqtidarında idi.
Bu cəsarət, sözsüz ki, şairə vətən sevgisindən aşılanan amillərdən biri idi. Mikayıl Müşfiqin ilk mətbu əsəri 1926-cı ildə çap olunmuşdur. Bu şairin "Bu gün" adlı şeiri idi. İlk qələm nümunəsi böyük uğur qazandığından Mikayıl Müşfiq imkanları daxilində sənət əsərlərini dərc etdirir və bu nümunələrin böyük ziyalılar dəstəsi tərəfindən əks-sədası eşidilirdi. Onun 1930-cu ildən başlayaraq "Küləklər", "Vuruşmalar", "Günün səsləri", "Qaya", "Kəndli və ilan" və s. kitabları çapdan çıxmışdır. 1937-ci ildə isə sayca 11-ci nəşri olan "Çağlayan" əsəri işıq üzü görmüşdür.
Mikayıl Müşfiq yaradıcılığında xəlqilik, humanizm əsas aparıcı xətt olduğundan onun poeziyası novatorluğu ilə seçilmişdir. Yaradıcılığına məxsus olan coşğun hiss, həyəcan gələcək arzusu ilə qanadlanan xəyal, Mikayıl Müşfiq şeirlərində romantik bir vüsət almışdır. Mikayıl Müşviq demək olar ki, yaradıcılığında bədii təsvir vasitələri ilə həyat lövhələrini o dərəcədə canlı və inandırıcı şəkildə yaratmışdır ki, bu nümunələrdə həyatın böyük bir hissəsini aydın şəkildə görmək mümkündür. O, epik lövhələr, lirik ricətlər ustası kimi də poeziya aləmində tanınmış, ədəbiyyata məxsus spesifik cəhətləri yaradıcılığında birləşdirə bilmişdir.
Mikayıl Müşfiqin "Buruqlar arasında", "Əfşan", "Çoban", "Dağlar faciəsi", "Sındırılan saz", "Səhər" və s. poemalarında qeyd olunan dəyərləri görmək mümkündür. Bu poemalarda lirik lövhələrin təsvirinə geniş şəkildə yer verən Mikayıl Müşfiq yaşadığı həyatın qaralı-ağlı zolağını birmənalı şəkildə oxucusuna təqdim etmiş, həyatda baş verən hadisələri nəzmə çəkmişdir. Onun yaradıcılığında orijinal mənətkarlıq xüsusiyyətləri nəzəri cəlb edir. Dərin emossionallıq, ahəngdarlıq, yığcamlıq Mikayıl Müşfiq şeirlərinin əsas bədii keyfiyyətləridir. Mikayıl Müşfiq söz dünyasından atını sürətlə çaparaq, yüksəklərə ucalmış və bu zirvədə müəmmalı həyatı ilə öz portretini yaratmışdır. Mikayıl Müşfiq sənət dünyamızın zamanla ölçülməyən bir ziyalısı, qələm əhlidir. Məhz belə bir sənətkarın 100 illik yubileyinin dövlət səviyyəsində qeyd olunması təqdirəlayiq haldır. XX əsr poeziyasının söz dünyasının ədəbi nümunələrinin bir əsir sonrakı oxucu tərəfindən yüksək şəkildə qəbul olunan bədii dəyəri, qiymətidir.
Bakıda və bir sıra rayonlarda abidələri ucaldılmış, qəsəbə və məktəblərə, kitabxanalara adı verilmiş ölməz Azərbaycan şairini daim oxuyacaq, “Oxu tar” şerindəki bir misranı Müşfiqin özü haqqında daim deyəcəyik: “Səni kim unudar, ey şair! ”