“Uşaq Kitab Karvanı” bölgələrdə layihəsi çərçivəsində növbəti tədbir Oğuz və Şəki rayonlarında 24-25 oktyabr tarixində təşkil edildi. Bu layihə 2011-ci ildən Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin dəstəyi, F.Köçərli adına Respublika Uşaq Kitabxanasının təşkilatçılığı ilə həyata keçirilir. Hər iki rayonun Mədəniyyət Mərkəzində təşkil edilən tədbirdə uşaq yazarları ilə görüş oxucular tərəfindən böyük rəğbətlə qarşılandı. Karvanı qarşılayan rayonlarda təşkil edilən tədbirlər Azərbaycan Xalq Cümhuriyyətinin və Silahlı Qüvvələrin yaradılmasının 100 illiyinə həsr edilmişdi. Oğuz və Şəki rayon Uşaq kitabxanalarına nəşriyyatların son illərdə nəşr etdiyi 500-ə yaxın uşaq kitabları, 14 adda metodik vəsait, “Göy Qurşağı” və “Qaranquş” uşaq jurnalları hədiyyə edildi. Layihə çərçivəsində bölgələrdə keçirilən səyyar kitab sərgisi uşaq ədəbiyyatına olan marağı artırmaqla yanaşı uşaqların mütaliəyə cəlb edilməsində, həmçinin kənd yerlərində uşaqların oxu ehtiyyacının təmin edilməsində böyük rol oynayacaq. “Uşaq Kitab Karvanı” bölgələrdə layihəsi çərçivəsində növbəti tədbirlərin Qax, Zaqatala və Balakən rayonlarında keçirilməsi nəzərdə tutulmuşdur.