27 oktyabr 2026-cı il tarixində Bakı Ekspo Mərkəzində keçirilən XII Bakı Beynəlxalq Kitab Sərgisində F. Köçərli adına Respublika Uşaq Kitabxanasının “Uşaq Dünyası” adlı stendində silsilə tədbirlər davam etdirilib.
Uşaqların və yeniyetmələrin mütaliəyə marağının artırılması, müasir uşaq ədəbiyyatının təbliği, müəlliflərlə oxucular arasında ünsiyyətin gücləndirilməsi məqsədilə təşkil olunan tədbirlər çərçivəsində yazarlar Zahirə Cabir, Reyhan Yusifqızı, Humayun Sevinc, Mehriban Nağıyeva, eləcə də Türkiyədən dəvət olunmuş yazarlar İlhan Yaylı və Səma Yaylı ilə görüşlər keçirilib.
Görüşlər zamanı müəlliflər oxucularla yaradıcılıq fəaliyyətləri, əsərlərinin yaranma tarixçəsi və kitablarının əsas ideyaları haqqında söhbət aparıblar. Uşaqlar yazıçılara suallar ünvanlayıb, onları maraqlandıran mövzular ətrafında fikir mübadiləsi aparıblar. Belə görüşlər uşaqların kitaba və mütaliəyə marağının gücləndirilməsi, onların bədii ədəbiyyata bağlılığının artırılması və yazıçıların yaradıcılığı ilə daha yaxından tanış olmaları baxımından əhəmiyyət daşıyıb.
Tədbir zamanı yazıçı Mehriban Nağıyevanın “O sehrli söz” kitabının təqdimatı keçirilib. Müəllif kitabın məzmunu və ideyası haqqında məlumat verərək əsərini oxuculara təqdim edib. Görüşün sonunda kitab oxuculara hədiyyə olunub. Bu təşəbbüs uşaqlarda kitaba marağın artırılması və mütaliə vərdişlərinin təşviqi baxımından xüsusi əhəmiyyət kəsb edib.
Proqram çərçivəsində uşaqların fəallığını və yaradıcılıq bacarıqlarını dəstəkləyən hədiyyəli viktorinalar və müxtəlif mövzularda ustad dərsləri keçirilib. Viktorinalar zamanı iştirakçılar öz bilik və dünyagörüşlərini nümayiş etdirib, sualları cavablandıraraq hədiyyələr qazanıblar. Ustad dərsləri isə uşaqların yaradıcılıq potensialının üzə çıxarılmasına, asudə vaxtlarının səmərəli təşkilinə və tədbirlərdə fəal iştirakına şərait yaradıb.
Gün ərzində sərgi ziyarətçiləri arasında keçirilmiş rəy sorğusunun nəticələri də elan olunub. Sorğunun nəticələri oxucuların kitabxananın fəaliyyəti, təqdim olunan nəşrlər və təşkil edilən tədbirlər barədə fikirlərini öyrənmək, onların maraq və gözləntilərini müəyyənləşdirmək baxımından əhəmiyyətli olub.















