2 oktyabr 2026-cı il tarixində F. Köçərli adına Respublika Uşaq Kitabxanası ilə Qazaxıstan Respublikasının Kostanay şəhərində fəaliyyət göstərən “Qərb” filial-kitabxanası arasında onlayn görüş keçirilib.
Uşaq ədəbiyyatının təbliği, mütaliə mədəniyyətinin inkişaf etdirilməsi və Azərbaycan–Qazaxıstan ədəbi-mədəni əlaqələrinin daha da möhkəmləndirilməsi məqsədilə təşkil olunan görüşdə hər iki ölkənin məktəbli oxucuları və uşaq yazarları yer alıblar.
Onlayn formatda təşkil olunan görüşdə azərbaycanlı uşaq yazıçısı Lala Umud və qazaxıstanlı yazıçı, şairə Aleksandra Suslova qonaq qismində dəvət olunublar.
Görüşdə milli-mənəvi və mədəni dəyərlərin qorunması və gənc nəslə aşılanması,uşaqların mütaliəyə marağının artırılması və oxu vərdişlərinin formalaşdırılması, həmçinin kitabın uşaqların intellektual, mənəvi və estetik inkişafındakı mühüm rolu vurğulanıb.
Onlayn görüş çərçivəsində Azərbaycan və Qazaxıstanın qarşılıqlı ədəbi-mədəni irsinə, milli ədəbiyyat nümunələrinə və kitabxana fondlarına xüsusi diqqət yetirilib. Qazaxıstanın “Qərb” filial-kitabxanasının əməkdaşları kitabxananın fondunda mühafizə olunan Azərbaycan ədəbiyyatının görkəmli nümayəndələrinin əsərləri haqqında ətraflı məlumat verib, Azərbaycan ədəbiyyatına və mədəni irsinə göstərilən maraqdan söz açıblar.
Respublika Uşaq Kitabxanası tərəfindən Qazaxıstanın ədəbiyyatı, tarixi və mədəniyyətini əks etdirən müxtəlif nəşrlərdən ibarət kitab sərgisi nümayiş etdirilib. Sərgidə Qazaxıstan ədəbiyyatının tanınmış nümayəndələrinin əsərləri ilə yanaşı, kitabxana tərəfindən hazırlanmış metodik vəsaitlər, tədris-metodik materiallar və digər nəşrlər də iştirakçıların diqqətinə çatdırılıb.
Tədbirdə iştirak edən uşaq yazıçısı Lala Umud yaradıcılıq fəaliyyəti, uşaqlar üçün qələmə aldığı əsərlər barədə fikirlərini bölüşüb. Yazıçı, xüsusilə yeni qələmə aldığı “Nəğmələr toplayan quş” kitabı haqqında məlumat verərək əsərin yaranma ideyasından, süjet xəttindən və uşaqlar üçün daşıdığı mənəvi-estetik dəyərlərdən bəhs edib.
Qazaxıstan tərəfdən çıxış edən yazıçı və şair A. Suslova uşaqlar üçün yazdığı əsərlərdən nümunələr səsləndirib, yaradıcılıq fəaliyyəti və uşaq ədəbiyyatına yanaşması barədə iştirakçılarla fikirlərini bölüşüb.
Tədbirin interaktiv hissəsində Azərbaycan və Qazaxıstan məktəbliləri fəal iştirak ediblər. Şagirdlər yazıçılara və kitabxana əməkdaşlarına müxtəlif mövzularda suallar ünvanlayıb, mütaliə vərdişləri, sevdikləri kitablar, müasir uşaq ədəbiyyatı və yaradıcılıq prosesi ilə bağlı səmimi fikir mübadiləsi aparıblar. Qarşılıqlı ünsiyyət şəraitində keçirilən bu hissə iştirakçılar arasında dostluq və mədəni dialoqun möhkəmlənməsinə xidmət edib. Tədbir zamanı hər iki ölkənin uşaqları arasında mütaliə mədəniyyətinin təşviqi, milli və ümumbəşəri dəyərlərin təbliği, uşaq ədəbiyyatına marağın artırılması istiqamətində birgə layihələrin həyata keçirilməsinin vacibliyi vurğulanıb. Tədbir iki ölkənin uşaq kitabxanaları arasında təcrübə mübadiləsinin genişləndirilməsi, ədəbi-mədəni əlaqələrin inkişafı və uşaqların mütaliəyə marağının artırılması istiqamətində qarşılıqlı əməkdaşlığın daha da möhkəmləndirilməsinə mühüm töhfə verib.











