24 aprel tarixində Pirallahı rayonunda 4 nömrəli Uşaq və Gənclər İnkişaf Mərkəzi və Firidun Bəy Köçərli adına Respublika Uşaq Kitabxanasının birgə təşkilatçılığı ilə böyük Azərbaycan şairi, yazıçı, mütəfəkkir Məhəmməd Füzulinin anadan olmasının 530 illik yubileyinə həsr olunmuş “Füzuli rindü şeydadır” adlı ədəbi-bədii gecə keçirilib. Tədbirdə Pirallahı rayon icra nümayəndəliyindən, ümumtəhsil orta məktəblərdən, kitabxanalardan nümayəndələr və şagirdlər iştirak ediblər. Tədbirdə Azərbaycan-Türkiyə ədəbiyyatı tarixində divan janrının ən möhtəşəm nümayəndələrindən biri olan Füzulinin həyat və yaradıcılığından, onun əsərlərinin təkcə ölkəmizin poeziyası üçün deyil, bütövlükdə Şərq və dünya ədəbiyyatı üçün əhəmiyyəti vurğulanıb. F.Köçərli adına Respublika Uşaq Kitabxanasının direktor müavini Z. Dadaşova çıxışında bildirdi ki, Məhəmməd Füzuli dünya poetik fikrinin inkişafında misilsiz rol oynayıb. Onun yaradıcılığı əsrlərdən bəri Yaxın və Orta Şərqin ədəbi fikrini öz təsiri altında qoruyub saxlayıb. Füzuli poeziyasının türk xalqlarının mədəniyyətlərinin yaxınlaşması və qovuşmasında böyük əhəmiyyəti var. Bu gün türkdilli xalqların hər biri Füzulini öz doğma şairi kimi sevir və onun 530 illik yubileyini təntənəli şəkildə qeyd edir. Füzulinin humanizm və ümumbəşəri dəyərlərlə mayalanmış yaradıcılığı bütün bəşəriyyət üçün mənəvi qidadır. Tədbirdə gənc ədəbiyyatsevərlər tərəfindən hazırlanmış ədəbi bədii kompozisiyada səsləndirilən dahi şairin qəzəllərindən parçalar qonaqlara xoş ovqat yaradıb. Uşaqların ifasında “Leyli və Məcnun” əsərindən Leyli ilə anasının söhbəti və şairin “Meyvələrin söhbəti” kopozisiyası təqdim olunub.
Sonda qonaqlar şagirdlərin M.Füzuli yaradıcılığına həsr olunmuş çəkdikləri rəsm əsərləri və ənənəvi kitab sərgisi ilə tanış olublar.