13 aprel tarixində Firidun bəy Köçərli adına Respublika Uşaq Kitabxanasına “Libra Kitab” nəşriyyatı tərəfindən “Hekayələrlə dəyərlər silsiləsi” nə daxil olan “Dürüstlüyü öyrədən hekayələr”, “Çalışqanlığı öyrədən hekayələr”, “Yaxşılığı öyrədən hekayələr”, “Mərhəməti öyrədən hekayələr”, “Dostluğu öyrədən hekayələr”, “Həvəsləndirici hekayələr”, “Düşündürən hekayələr”, klassik uşaq ədəbiyyatı silsiləsindən olan Tomas Hardinin “Qərbi Poleydəki macəramız”, Namiq Abdullayevin “Balaca Kiberin macəraları”, görkəmli uşaq yazıçısı Zahid Xəlilin “Şəkərabad şəhərinin uşaqları” və s. kitablar hədiyyə olunmuşdur.
“Hekayələrlə dəyərlər silsiləsi” dən hər bir hekayə maraqlı hadisələr, macəra dolu əhvalatlar vasitəsilə uşaqlara zəhməti sevməyi, tənbəllik, səhlənkarlıq kimi mənfi davranışların pis aqibətini göstərərək balacaları çalışqan olmağa, zəhməti sevməyə çağırır. Maraqlı hadisələr, bəzən macəra dolu əhvalatlar vasitəsilə uşaqlara yaxşılıq etməyi, xeyirxah olmağı öyrədir, balacaları bir-birilərinə kömək etməyə çağırır, uşaqları bacarıqlı, diribaş olmağa həvəsləndirir, qarşılarına çıxan çətinlikləri ram etməyin sirlərini aşılayır. Kitablardakı hekayələr dil və üslub cəhətdən kiçikyaşlı məktəblilərin yaş səviyyəsinə uyğunlaşdırılmışdır.
“Libra kitab”ın ilk dəfə Azərbaycan dilində çapa hazırladığı Tomas Hardinin “Qərbi Poleydəki macəramız” əsəri üç uşağın kənddəki qəribə macərasından bəhs edir. İki uşağın “qəhrəmanlığı” üzündən baş verən hadisələr cığırından çıxır və xoşagəlməz nəticələr verir. Xoşbəxt sonluqla bitən əsər ibrətlərlə doludur. Kitab hər bir uşağın marağını cəlb edəcək.
“Balaca Kiberin macəraları” romanı Namiq Abdullayevin fantastik janrda yazdığı ən maraqlı əsərlərindən biridir. Orta yaşlı uşaqlar üçün nəzərdə tutulmuş bu əsərdə balaca Kiberin başına gələn maraqlı macəralardan − onun yad planetə səyahətindən və dostlarının köməkliyi ilə pis niyyətli məxluqlara qarşı mübarizəsindən bəhs olunur.
Görkəmli uşaq yazıçısı Zahid Xəlilin “Şəkərabad şəhərinin uşaqları” adlı kitabı uşaqları nağıllar aləminə dəvət edir. Bu kitada hekayə və nağıllar həm müstəqildir, həm də bir-biri ilə bağlıdır. Burada müasir texnologiya da var, bölgələrimizin yatımlı ləhcəsi də, ibrət də var, nəsihət də.
Uşaqları biliyə, xeyirxah əməllərə sövq edən, daimi oxucu üçün çox qiymətli hədiyyə olan kitablar kitabxana fondunun zənginləşməsində də önəmli rol daşıyır.