8 noyabrda F.Köçərli adına Respublika Uşaq kitabxanası Xətai rayonundakı 27 saylı orta məktəbin VI sinif şagirdləri ilə birgə “Tariximizin əbədi şahidi” adlı tədbir keçirdi. Tədbir Azərbaycan Respublikasının Himninin səslənməsi ilə başladı. Çarxlı video slaydın nümayişindən sonra aparıcı qeyd etdi ki, bu gün Azərbaycan Respublikası üzərində dalğalanan müqəddəs Dövlət Bayrağımız - milli bayrağımız ilk dəfə 1918-ci il noyabrın 9-da Bakıda, Azərbaycan Xalq Cümhuriyyəti Nazirlər Şurasının yerləşdiyi binada qəbul edilmiş və ucaldılmışdır. 2009-cu ilin noyabr ayından Dövlət Bayrağı Günü ilə bağlı Əmək Məcəlləsinin 105-ci maddəsinə əlavə edilmiş əlavəyə əsasən, 9 noyabr Azərbaycanda Dövlət Bayrağı Günü elan olunmuşdur. Tədbirdə şagirdlər Bayrağımız - qürurumuzdur mövzusunda şeirlər, ədəbi - bədii kompozisiyalarla çıxış etdilər. Sonra kitabxananın əməkdaşı tədbirdə iştirak edən şagirdlərə vətənpərvərlik əzminin formalaşmasında Bayrağın rolundan geniş şəkildə danışdı. Bildirib ki, ölkəmizdə ən hündür bayrağın olması dünyada xalqımızın ən yüksək səviyyəyə malik olduğunu göstərir. Dövlət bayrağımıza göstərilən diqqət və qayğı vətənpərvər bir xalq olduğumuzun parlaq nümunəsidir.
Qeyd edək ki, bütün tədbir iştirakçıları kitab və rəsm sərgiləri ilə tanış olmuş və iştirak edən bütün şagirdlərə kitabxananın təsis etdiyi “Göy qurşağı” uşaq jurnalı hədiyyə edildi.