1 oktyabr tarixində, F. Köçərli adına Respublika Uşaq Kitabxanasının direktoru Şəhla Qəmbərova və Misir Ərəb Respublikasının Azərbaycandakı Səfirliyinin Mədəniyyət və Təhsil Əlaqələri Mərkəzinin müdiri Əhməd Sami Elaydi Misir Ərəb Respublikasının Azərbaycandakı səfirliyində oldular. Misir Ərəb Respublikasının Azərbaycandakı səfiri cənab Adel İbrahim Ahmed İbrahim görüşdən məmnun olduğunu bildirdi və Misir ilə Azərbaycan arasında mədəni əlaqələrin yüksək səviyyədə inkişafından söz açdı. F.Köçərli adına Respublika uşaq kitabxanası tərəfindən 14-18 may 2018-ci il tarixində keçirilən Misir Uşaq ədəbiyyatı həftəsinin əhəmiyyətindən söz açaraq, Misir Ərəb Respublikasının Azərbaycandakı Səfirliyinin Mədəniyyət və Təhsil Əlaqələri Mərkəzi ilə birgə ərsəyə gətirdiyi “Əsrarəngiz Misir nağılları” kitabının möhtəşəm təqdimatından danışdı. Bildirdi ki, kitaba Misirin qədim mədəniyyəti, adət-ənənələri, tarixi haqqında maraqlı nağıllar daxil olmaqla yanaşı, Misir nağıllarına Azərbaycanlı uşaqların çəkdikləri rəsmlər xüsusi maraq doğurmuşdur. Bu rəsmlər Misirin paytaxtı Qahirədə Misir Milli Kitabxanası və Arxivlər İdarəsinin nəzdindəki Uşaq Ədəbiyyatı Sənədləşdirilməsi və Araşdırılması Mərkəzində “Əsrlər boyu ərəb dünyasında uşaq ədəbiyyatı” adlı ikinci beynəlxalq konfransda “Misir nağılları, Azərbaycanlı uşaqların gözü ilə” adı altında sərgilənmişdir. Həmçinin Gənc Tamaşaçılar Teatrında “Tanış olun, dostum Bəkkar” adlı nağıl tamaşa da Misirdə nağıl qəhrəmanı kimi tanınan Bəkkarın Azərbaycanda da sevildiyini göstərdi. F.Köçərli adına Respublika Uşaq Kitabxanasının direktoru Şəhla Qənbərova öz növbəsində Misir uşaq ədəbiyyatı həftəsinin əsas mahiyyətinin Azərbaycanda Misir uşaq ədəbiyyatını təbliğ etməklə uşaqlar və gənclər arasında mütaliə və kitaba olan marağın artmasından ibarət olduğunu bildirdi, “Nağılları yaşadaq” adlı layihənin məqsəd və əhəmiyyətindən geniş söhbət açdı. Söhbət zamanı ”Əsrarəngiz Misir nağılları” kitabının ərsəyə gəlməsinin bu layihənin davamlı olacağını xüsusilə vurğuladı. Qeyd olundu ki, həftə çərçivəsində ərəb dünyasının tanınmış uşaq ədəbiyyatı yazarı, 400-dən çox kitabın müəllifi professor Yaqub Əl Şəruninin bir çox təhsil ocaqlarında oxucularla görüşləri də çox maraqla qarşılanmışdır. Misir Ərəb Respublikasının Azərbaycandakı səfiri cənab Adel İbrahim Ahmed İbrahim həyata keçirilən belə layihələrin uşaq və yeniyetmələrin dünyagörüşündə, maariflənməsində, ümümiyyətlə hərtərəfli inkişafı baxımından kitabxananın əvəzolunmaz fəaliyyətini yüksək qiymətləndirdi. Səfir bir daha uşaq ədəbiyyatı barədə danışmaqdan, fikir mübadiləsi aparmaqdan məmnunluq duyduğunu bildirdi. Vurğulandı ki, F.Köçərli adına Respublika Uşaq kitabxanası ilə Misir-Azərbaycan ədəbi əlaqələrinin yaranması uşaq ədəbiyyatının tərcümə edilməsi ilə başlayıb və Azərbaycan nağıllarının Misirdə tərcümə olunaraq çap edilməsi ilə davam edəcək. Görüş çərçivəsində gələcək əməkdaşlıq istiqamətində, uşaq ədəbiyyatı ilə bağlı hər iki tərəf fikirlərini bölüşdülər. Sonda xatirə şəkilləri çəkildi.