Azərbaycan Respublikası Prezidenti Administrasiyası rəhbərinin Sərəncamı ilə təsdiq edilmiş “20 Yanvar faciəsinin iyirmi altıncı ildönümünün keçirilməsi ilə bağlı tədbirlər planı”na müvafiq olaraq 18 yanvar 2016-cı il tarixdə F.Köçərli adına Respublika Uşaq kitabxanası 20 Yanvar faciəsinə həsr edilmiş “Şərəf və ləyaqət günümüz” adlı anım tədbiri keçirdi. Tədbirdə Bakı şəhəri, Nizami rayonu 201 saylı məktəbin şagirdləri və kitabxananın əməkdaşları iştirak edirdi. Tədbiri giriş sözü ilə kitabxananın elmi işlər üzrə direktor müavini Zahirə Dadaşava açaraq, bu gün Azərbaycan xalqının azadlığı uğrunda canlarını qurban verən şəhidlərimizin qəhrəmanlıq mübarizəsinin hörmət və ehtiramla yad edildiyini, onların igidliyinin yüksək qiymətləndirildiyini, Vətən övladlarının qanları bahasına qazanılan müstəqilliyimizin qanımız və canımızla qorunmalı olduğumuzu bildirdi. 20 Yanvar şəhidlərinin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra şagirdlər Zəlimxan Yaqubun “Şəhid qanı” adlı şeiri əsasında hazırlanmış ədəbi-bədii kompozisiya, Tamara Vəliyevanın “Mənim ağ göyərçinim” adlı 20 yanvar şəhidlərinə həsr olunmuş tamaşa ilə çıxış etdilər. Tədbirin sonunda şagirdlərə kitablar və kitabxananın təsis etdiyi “Göy Qurşağı” uşaq jurnalı, 2016-cı il üçün təqvim hədiyyə edildi.