22 dekabr 2015-ci il saat 14:00 Beynəlxalq Muğam Mərkəzində Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin təşkilati dəstəyilə F.Köçərli adına Respublika Uşaq Kitabxanasının 50 illik yubileyinə həsr olunmuş təntənəli tədbir keçirildi. Muğam Mərkəzinin foyesində kitabxananın fəaliyyətini əks etdirən geniş foto stend, kitabxananın əməkdaşlıq etdiyi 10 xarici dövlətin uşaq ədəbiyyatının kitab sərgisi, “Azərbaycan-yurdum mənim” başlığı altında nəfis tərtitbatlı Azərbaycan uşaq ədəbiyyatı nümunələri, kitabxananın təsis etdiyi “Göy qurşağı” uşaq jurnalının xüsusi buraxılış nömrəsi, F.Köçərlinin “Balalara hədiyyə”, “İlyas Tapdıq” və “F.Köçərli” biblioqrafiyaları nümayiş olundu. Tədbirdə Rusiyadan, Litvadan, Qıqğızıstandan, Ukraynadan gələn uşaq kitabxanalarının rəhbərləri, TÜRKSOY-un katibi Düsen Kaseinov, Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin əməkdaşları, Təhsil Nazirliyinin əməkdaşları, uşaq yazarları və məktəblilər iştirak edirdi. Tədbirin açılışı kitabxananın tarixi fəaliyyəti ilə bağlı 7 dəqiqəlik filmin nümayişi ilə başladı. Sonra Azərbaycan Respublikası Mədəniyyət və Turizm naziri cənab Əbülfəs Qarayev kitabxananın dəfələrlə həyata keçirdiyi uğurlu layihələrindən söz açdı və çıxışının sonunda bütün kitabxana kollektivini yubiley münasibətilə təbrik etdi. Çıxışdan sonra cənab nazir kitabxana əməkdaşlarını fəxri fərman və döş nişanları ilə mükafatlandırdı. TÜRKSOY-un baş katibi Düsen Kaseinov yubiley münasibətilə bütün kollektivi təbrik etdi. Rəsmi hissə bitəndən sonra tədbir musiqi məktəbinin xor kollektivinin ifası ilə başladı, F. Köçərlinin “Balalara hədiyyə” kitabının personajları əsasında bədii kompozisiya təqdim olundu və tədbirin sonunda məktəblilərin ifasında müxtəlif dövlətlərin geyimlərində “Dostluq” rəqsi ifa olundu. Daha sonra F.Köçərli adına Respublika Uşaq Kitabxanasının direktoru Şəhla Qəmbərova gələn qonaqlara öz təşəkkürünü bildirdi. Tədbirin sonunda Azərbaycan Respublikası Mədəniyyət və Turizm naziri cənab Əbülfəs Qarayev Azərbaycan Respublikası Prezidentinin kitabxanın 4 əməkdaşına “Əməkdar mədəniyyət işçisi” fəxri adın və “Tərəqqi” medalının verilməsi haqqında sərəncamı imzaladığını tədbir iştirakçılarının düqqətinə çatdırdı. Geniş auditoriyanın alqışına səbəb olan bu xəbərlə tədbir sona çatdı.
Tədbirdə KİV nümayəndələri iştirak edirdilər. F.Köçərli adına Respublika Uşaq Kitabxanasının əməkdaşlarına "Əməkdar mədəniyyət işçisi" fəxri adının verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
Firidun bəy Köçərli adına Respublika Uşaq Kitabxanasının 50 illik yubileyi münasibətilə, Azərbaycanda kitabxana işinin təşkili sahəsində səmərəli fəaliyyətlərinə görə aşağıdakı şəxslərə "Əməkdar mədəniyyət işçisi" fəxri adı verilsin:
Dadaşova Zahirə Cabir qızı
Qəmbərova Şəhla Əliheydər qızı
Musazadə Rəfiqə Mirzə qızı
Tahirova Nazilə Rəhman qızı.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti. Bakı şəhəri, 22 dekabr 2015-ci il.
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram:
Firidun bəy Köçərli adına Respublika Uşaq Kitabxanasının 50 illik yubileyi münasibətilə, Azərbaycanda kitabxana işinin təşkili sahəsində səmərəli fəaliyyətlərinə görə aşağıdakı şəxslər “Tərəqqi” medalı ilə təltif edilsinlər:
Ağamirzəyeva Vəfa Əliağa qızı
Əhmədova Sevil Əliabas qızı
Qafarova Leyla Hacı Ağa qızı
Məmmədli Ruhiyyə Mikayıl qızı.
İlham Əliyev