Fevralın 14- də F.Köçərli adına Respublika Uşaq Kitabxanasının təşkilatçılığı ilə 14 fevral- Beynəlxalq Kitab Bağışlama Günü ilə əlaqədar YAŞA Mərkəzində “Kitabla sevinək – Kitabla yaşayaq” adlı tədbir keçirildi. Tədbirin keçirilməsində əsas məqsəd insanların asudə vaxtlarını maraqlı təşkil etmək, onları daha aktiv həyata cəlb etməklə kitab və mütaliəyə marağı artırmaq idi. Tədbir “Kitabxana və Könüllülər - Yeni İmkanlar Məkanı” layihəsi çərçivəsində reallaşdı. Çıxış edən F.Köçərli adına Respublika uşaq kitabxanasının direktoru Şəhla Qəmbərova kitabxana haqqında geniş məlumat verdi, xalq şairi Vahid Əzizi tədbir iştirakçılarına təqdim edərək şairin yaradıcılığının böyük bir qisminin məhəbbət mövzusu təşkil etdiyini, onun poeziyasının qayəsi, mayası bəşəriyyətin əbədi “problemi” olan eşqdən yoğrulduğunu qeyd etdi. Tədbir təşkilatçılarına və iştirakçılarına minnətdarlığını bildirən V.Əziz YAŞA mərkəzinin üzvlərinə keçdiyi həyat yolundan, bədii yaradıcılığından söhbət açıb, onların müxtəlif suallarını cavablandırdı, şeirlərini söylədi. Xalq şairi “Dözmək olmur” şeirlər kitabını mərkəzin rəhbərliyinə hədiyyə etdi. Sonda kitabxana tərəfindən 150- dən çox kitab və jurnallar YAŞA Mərkəzinə hədiyyə edildi.