Sentyabrın 27-də F.Köçərli adına Respublika Uşaq Kitabxanası, Mədəniyyət Nazirliyinin təşkil etdiyi VI Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkasının açılış mərasimində iştirak etdi. Bakı İdman Sarayında təşkil olunan və üç gün boyunca davam edəcək sərgi-yarmarka böyük Azərbaycan şairi, mütəfəkkir İmadəddin Nəsiminin 650 illiyinə həsr olunmuşdu. Tədbirdə, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin dəstəyi Köçərli adına Respublika Uşaq Kitabxanasının təşkilatçılığı ilə “Hər uşağın nağıl payı” başlığı adı altında görmə, eşitmə və nitq qabiliyyəti zəif, sağlamlıq imkanları məhdud uşaqlar üçün “Bərpanəşr” layihəsi çərçivəsində Brayl əlifbası ilə nəşr olunan 11 adda kitab və 10 adda elektron kitabın təqdimatı keçirildi. Təqdimat Azərbaycan Respublikasının dövlət himninin jest dilinə tərcüməsi ilə başladı. Tədbiri giriş sözü ilə, kitabxananın direktoru, Əməkdar mədəniyyət işçisi Şəhla Qəmbərova açaraq, tədbir iştirakçılarını salamlayıb, “Bərpanəşr” layihəsi çərçivəsində nəşr olunan elektron kitablar haqqında geniş məlumat verdi. O, ilk dəfə olaraq həyata keçən layihənin əhəmiyyətini vurğulayib, davamlı olacağını qeyd etdi. Layihənin həyata keçirilməsində əsas məqsədin, sağlamlıq imkanları məhdud uşaqların cəmiyyətə tam və səmərəli inteqrasiyasını, o cümlədən informasiya əldə etmək və özlərini inkişaf etdirmək imkanlarını, bununla da həmin uşaqlara mədəni xidmət göstərməklə sosial reabilitasiyalarını təmin etmək olduğunu bildirdi. Layihə ilk dəfə olaraq Respublika Gözdən Əlillər Kitabxanası, Araxçın MMC/Silent Communication təşkilatının birgə əməkdaşlığı nəticəsində ərsəyə gəlib. Layihə haqqında çıxışçılar Azərbaycan Respublikası Təhsil Nazirliyi Uşaq müdafiəsi şöbəsinin müdiri Cəmilə Tağıyeva , 5 saylı Sağlamlıq İmkanları Məhdud internat məktəbin direktoru İradə Vəzirova çıxışlarında bu nəşrlərin sağlamlıq imkanları məhdud uşaqların intellektual inkişafı və cəmiyyətə inteqrasiyası baxımından vacibliyini vurğulayaraq, təşkilatçıları bu əməklərinə görə təbrik etdilər. Tədbir zamanı görmə əngəlli 14 yaşlı Səməd Novruzov İtalyan musiqisindən bir vokal nömrə ilə çıxış etdi. Tədbirdə iştirak edən uşaq yazıçılarından Sevinc Nuruqızı layihə haqqında öz xoş fikirlərini bildirdi və hər kəsə uğurlar arzuladı. Layihənin həyata keçirilməsində əməyi olan Araxçın MMC/Silent Communication komandasının rəhbəri, təlimçi, Jest dili tərcüməçisi Şamil Sabirzadə, koordinatoru təlimçi, sağlamlıq imkanları məhdud uşaqlar üçün 2 N-li xüsusi internat məktəbinin müəllimi Könül Quliyeva çıxış edərək, layihənin ərsəyə gəlməsində əməyi olan hərkəsə, mətni səsləndirən Zahirə Dadaşovaya, Ceyran Cəfərliyə səs rejissoru Şəkər Tağıyevaya, operator Aygül Hüseynovaya və montajçı Anar Həsənova öz təşəkkürlərini bildirdilər. Çıxışçılar, sağlamlıq imkanları məhdud uşaqlara daima mədəni xidmət göstərməklə, onların qayğısına qalmaq hər bir vətandaşın borcu olduğunu qeyd etdilər. Tədbirin sonunda 2, 3 və 5 saylı sağlamlıq imkanları məhdud uşaqlar üçün internat məktəbinin kitabxanasına təşkilatçılar tərəfindən çap olunan kitab və elektron kitablar, DVD disklər təqdim edildi. F.Köçərli adına Respublika Uşaq Kitabxanası 6- cı kitab sərgi- yarmarkasına 500- ə yaxın dünya ədəbiyyatı və Azərbaycan uşaq ədəbiyyatından nümünələrlə qatılmışdır.