3 mart 2026-cı il tarixində F.Köçərli adına Respublika Uşaq Kitabxanasında uşaq yazarı Zahirə Cabir ilə maraqlı və yaddaqalan görüş təşkil olunub. Tədbirdə Heydər Əliyev adına liseyin 3-cü sinif şagirdləri iştirak ediblər.
Səmimi və interaktiv şəraitdə keçən görüş zamanı məktəblilər yazıçı ilə açıq dialoq quraraq onu düşündürən sualları səsləndirib, yaradıcılıq prosesinin sirlərini öyrənməyə çalışıblar. Zahirə Cabir özünün ilk qələm təcrübələrindən, yazı yoluna necə başladığından və uşaqlar üçün yazmağın məsuliyyətindən bəhs edib. O, “Əvvəl Zaman İçində” və “Təbiətin nağılı” kitabları haqqında geniş məlumat verərək hekayələrin ideya xətti və əsas mesajlarını şagirdlərlə bölüşüb. Yazıçı vurğulayıb ki, onun əsərlərində dostluq, xeyirxahlıq, vətənə və təbiətə sevgi kimi ali dəyərlər ön plandadır.
Görüş boyunca uşaqların marağı və fəallığı tədbirə xüsusi rəng qatıb. Sonda imza saatı təşkil olunub, balaca oxucular sevimli müəlliflə xatirə şəkilləri çəkdiriblər. Həmçinin kitabxana tərəfindən nəşr edilən “Göy Qurşağı” jurnalı sinfə hədiyyə olunub.
Tədbirin əsas məqsədi uşaqlarda mütaliəyə marağı artırmaq, oxu mədəniyyətini formalaşdırmaq və yazıçı-oxucu münasibətlərini daha da möhkəmləndirmək olub. Görüş şagirdlərin yaddaşında kitab sevgisini gücləndirən mənalı bir ədəbi hadisə kimi iz qoyub.



