Əsgərova, Günel Eldar qızı. Xanın üç qızı / G. E. Əsgərova ; tərc.ed. S. Nuruqızı ; rəs. Z. Novruzova ; red. E. Əzizova ; dizayner Q. Zamanov. - Bakı : Radius, 2020. - 64 s.
Bu nağılda gerçək həyat - Azərbaycan xalqının məkrli düşmənləri ilə qəhrəman mübarizəsi əks olunmuşdur. "Xanın üç qızı" nağılı oxucuları Azərbaycanın tarixinə – xanlıqlar dövrünə səyahətə aparır. Əsrarəngiz səyahətin baş qəhrəmanları qüdrətli xanlığın ədalətli hökmdarı olan ağıllı və müdrik Əhməd xanın dünya gözəli olan üç sevimli qızıdır. Döyüşkən və azadlıqsevər Xəzri, zərif və istedadlı Mələk, ağıllı və elmli Banu öz bapbalaca silahdaşları cırtdan Balaşla birlikdə bütün qadağalara rəğmən çox təhlükəli və amansız, xanlıqları bir-birinin ardınca özünə tabe edib, insanları köləyə çevirən Təpəgözlə mübarizəyə qalxır. Bu nağıl xalqımızın mədəni və tarixi irsi, mənəvi dünyası və ailə dəyərləri, vətən sevgisi, gücü və şərəfi haqqında yazılmış qəhrəmanlıq dastanıdır. Nağıl qadına münasibət və onun cəmiyyətdəki mühüm mövqeyi, qızların tərbiyəsinin təşkili, uşaqlarla valideynlər arasında dürüst münasibət, uşaqlarda cəsarət, xeyirxahlıq hisslərinin formalaşması yolunda mühüm addımdır. İlk baxışda elə təsəvvür yarana bilər ki, nağıl qızlara həsr olunub, amma, əslində, elə deyil, çünki hər bir güclü qadının arxasında güclü və müdrik ata, qayğıkeş və anlayışlı ana, hər zaman əlindən tutmağa hazır olan bacı-qardaşlar dayanır. Mövzu dərinliyinə malik olan bu nağıl, uşaq və böyük olmasından asılı olmayaraq, oxucunu ətraflı düşünməyə çağırır, hər kəs onda yeni və öz ruhuna yaxın nə isə tapa bilir, çünki Günelin nağılları psixoloji məqamlar üzərində qurulub, dünya mifologiyası və antropologiyası elementlərinə malikdir, tarix, incəsənət, coğrafiya, mənəvi və mədəni dəyərlər baxımından əhatəlidir və hər kəs üçün anlaşılan hisslərin dilində qələmə alınıb.