Hər il mayın 18-i dünya ölkələrində Beynəlxalq Muzeylər Günü kimi geniş qeyd edilir.
Beynəlxalq Muzeylər Günü ICOM-un təşəbbüsü ilə 1977-ci ildə təsis edilib. Bu günün məqsədi muzeylərin cəmiyyətin həyatında nə dərəcədə mühüm rol oynadığını göstərməkdir.
Bu əlamətdar gün qədim tarixə və zəngin mədəniyyətə malik Azərbaycanda da qeyd edilir.
Azərbaycanda milli mənəvi dəyərlərimizə, o cümlədən muzey işinə daim dövlət qayğısı olub. Ölkəmizdə muzey işinin inkişafı ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Xalqımızın milli tarixi və mədəni irsinin qorunmasında muzeylərin dəyərini dərindən və həssaslıqla duyan Ulu Öndər respublikada müvafiq şəbəkənin genişləndirilməsini, onun maddi-texniki bazasının gücləndirilməsini daim diqqətdə saxlayıb. Azərbaycan mədəniyyətinin Üzeyir Hacıbəyli, Hüseyn Cavid, Cəlil Məmmədquluzadə, Məmməd Səid Ordubadi, Cəfər Cabbarlı, Bülbül, Səməd Vurğun, Niyazi və digər nəhəng simalarının memorial-xatirə, mənzil, bölgələrdə tarix-diyarşünaslıq muzeyləri məhz ulu öndər Heydər Əliyevin şəxsi təşəbbüsü sayəsində yaradılıb.
Ümummilli Lider tərəfindən muzey işinin inkişafı üzrə müəyyən edilmiş prioritetlər bu gün Azərbaycan Prezidenti İlham Əliyevin və ölkəmizin birinci xanımı, UNESCO-nun və ISESCO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın rəhbərliyi altında fəaliyyət göstərən Heydər Əliyev Fondu tərəfindən uğurla davam etdirilir.
Azərbaycan dövlətinin uğurlu mədəniyyət siyasəti nəticəsində son illər muzeylərimizin dünyanın nüfuzlu muzeyləri ilə əlaqələri genişlənib, bu sahədə beynəlxalq əməkdaşlıq sahəsində yeni nailiyyətlər əldə edilib.
Hazırda ölkəmizdə müxtəlif profilli 203 muzey fəaliyyət göstərir və onların ekspozisiyaları azərbaycançılıq məfkurəsini uğurla təbliğ edirlər.
F.Köçərli adına Respublika Uşaq Kitabxanası Beynəlxalq Muzeylər Günü münasibəti ilə maarifləndirici video material təqdim etdi.
Əsas məqsəd, uşaq və yeniyetmələrin intellektual inkişafını təmin etməklə Bakı şəhəri üzrə fəaliyyət göstərən şair və yazıçıların ev muzeyləri ilə yaxından tanış etməklə onları mədəni inkişafa təşviq etməkdir.
Video materialda Bakı şəhəri üzrə fəaliyyət göstərən ədəbiyyatımızın görkəmli nümayəndələrindən C.Məmməadquluzadənin, S.Vurğunun, C.Cabbarlının, M.S.Ordubadinin, A.Şaiqin, N.Nərimanovun və H.Cavidin ev muzeyləri haqqında ətraflı məlumatlar təqdim edilir.