F.Köçərli adına Respublika Uşaq Kitabxanasının təşkilatçılığı ilə 16 may 2018-ci il tarixdə Azərbaycan Pedaqoji Universitetində “Misir Uşaq Ədəbiyyatı” həftəsi çərçivəsində Misirin böyük alimi, uşaq yazarı professor Yaqub Əl Şaruni ilə görüş keçirildi. Tədbirdə universitetin tələbələri, elmi kitabxananın əməkdaşları, professor və müəllim heyəti iştirak edirdi. Tədbiri giriş sözü ilə universitetin prorektoru Fikrət Rzayev açaraq tədbirin mahiyyətini bildirdi, gələn qonaqları təqdim edərək qeyd etdi ki, F.Köçərli adına Respublika uşaq kitabxanasının Misir Uşaq Ədəbiyyatı həftəsi çərçivəsində keçirdiyi bu tədbirə Misirin böyük alimi, uşaq yazarı, 400-dən çox kitabın müəllifi professor Yaqub Əl Şaruni gəlmişdir. O, artıq kitabxanada olmuş, uşaq yazarları ilə görüşmüş, bu gün isə böyük bir sevgi ilə bizim dəvətimizi qəbul edərək sizlərlə görüşə gəlmişdir. Misir Mədəniyyət və Təhsil Əlaqələri Mərkəzinin rəhbəri Əhməd Sami Elaydi qonaqla bağlı məlumatları tədbir iştirakçılarına çatıdıraraq bildirdi ki, Misir Uşaq Ədəbiyyatı Həftəsi çərçivəsində təşkil olunan belə görüşlərdən professor böyük məmnunluq duymaqla yanaşı Misirə qayıdarkən Azərbaycan uşaq ədəbiyyatı, uşaq yazarları haqqında da geniş məqalə hazırlayıb kütləvi informasiya vasitələri ilə məlumatlandırmağı özünə borc bilir. Sonra söz, professor Yaqub Əl Şaruniyə verildi. O 1907-ci ildə Misirdə uşaq ədəbiyyatının təşəkkül tapmasından, həmin dövr uşaq ədəbiyyatından söhbət açdı. XX əsrin əvvəllərində isə uşaq ədəbiyyatı sahəsində dönüş əldə olunmaqla artıq daha sanballı əsərlər meydana gəldi.Yaqub Əl Şaruni həmin dövrün yazarı kimi uşaq hüquqlarını müdafiə edən, gələcəkdə uşaqlara həyat, ətraf aləm, özündən böyüklərin işi-peşəsi haqqında məlumat vermək, onlarda müəyyən anlayışlar formalaşdırmaq, mənəvi hisslərini, milli-vətənpərvərlik tərbiyəsini qüvvətləndirmək istiqamətində əsərlər yazır. Onun yaratdığı uşaq obrazları müxtəlif həyat hadisələrinə, ətraf aləmə böyük maraq göstərən, hər şeyin mahiyyətinə varmağa çalışan, öz intellektual qabiliyyəti ilə 30-40 il bundan əvvəlki yaşıdlarından xeyli fərqlənir. Yaqub Əl Şaruni özünün 100 kitabını Azərbaycana gətirdiyini söylədi, həmin kitabların çox hissəsinin məhz uşaq kitabxanasına hədiyyə edəcəyini söylədi. Misir Uşaq ədəbiyyatı həftəsinin təşkilatçısı F.Köçərli adına Respublika uşaq kitabxanasının direktoru Şəhla Qəmbərova da çıxışında, Misirin böyük aliminin İctimai Televiziya kanalında izləyicilərlə maraqlı görüşdən, müsahibədən söhbət açdı. Çıxışında qeyd etdi ki, Azərbaycan dilində Misir nağıllarının belə toplu şəklində çapı ilk dəfədir ki, bizim kitabxanamızın layihəsi olaraq həyata keçir. Belə ki, Azərbaycan dilində ərəb nağılları var idi, amma Misir nağılları yox idi. İndi isə Misir nağılları da digər dünya nağılları kimi kitab rəflərində öz oxucularına ərməğan oldu. Kitaba daxil edilmiş 30 Misir nağılları müəllif, tərcüməçi və tətqiqatçılar tərəfindən toplanmış nağıllar toplusudur. Nağıllara çəkilmiş şəkillər isə uşaqların rəsm əsərləridir. Bu rəsmlər 20 noyabr 2017-ci ildə Misirin paytaxtı Qahirə şəhərində keçirilən “Əslər boyu ərəb dünyasında uşaq ədəbiyyatı” adlı konfransda “Misir nağılları Azərbaycan uşaqlarının gözü ilə” adı altında nümayiş olunmuşdur. Tədbirin sonunda filologiya fakültəsinin dekanı Buludxan Xəlilov bu möhtəşəm görüşlə bağlı öz təşəkkürünü bildirmişdir.