
Məmmədova, Güllü Mehdi qızı. Fatehlərin zəfəri : Xüsusi təyinantlılar (tarixi sənədli roman) / G. M. Məmmədova ; dizayn M. Əliqızı. - Bakı : Zərdabi Nəşr MMC, 2024. - 288 s.
Romanda torpaqların azad edilməsində müstəsna qəhrəmanlıq göstərmiş xüsusi təyinatlıların döyüş yolundan bəhs edilir. Şuşaya qədər dağlıq ərazilərin və Şuşanın düşməndən təmizlənməsində xüsusi təyinatların göstərdiyi şücaət real faktlarla təsvir olunur. Müəllif yeri gəldikcə tarixə qayıdır, eyni zamanda, ayrı-ayrı qəhrəmanların igidliyindən bəhs etməklə onları oxucuya tanıdır. Roman Qələbənin qazanılmasında xüsusi rol oynamış xüsusi təyinatların çətin və mürəkkəb döyüşləri haqqında yazılmış bir qəhrəmanlıq dastanıdır. Müəllif romanda təsvir etdiyi əsas hadisələri tarixi faktlara uyğun qurur. Əsərdə xüsusi təyinatlıların komandiri, polkovnik Tehran Mənsimov, kapitan Əli Kərimov, polkovnik-leytenant Anar Əliyev, həkim Adil Əfəndiyev, baş leytenant Coşqun Əhmədov, kapitan Kamil Şirinov, mayor Malik Əliyev, kəşfiyyatçı Ceyhun Sədrayev, briqada komandiri Rəşad Aslanov, polkovnik Riad Əhmədov kimi müasirlərimizin hərbi fəaliyyətləri, həyatları ilə bağlı məqamlar yer alır. Əsərdə qəhrəmanların düşüncələri ilə bu və ya digər tarixi faktlar barəsində əhəmiyyətli məqamlara müfəssəl qiymət verilməsi diqqətdən yayınmır. Güllü Məmmədova əsərdə Qarabağ müharibəsinin səbəblərini, törətmiş olduğu fəsadları, insanların üzləşdiyi faciələri və s. məqamları tarixi keçmişə nəzər salaraq açıqlayır. Azərbaycanın öz ərazi bütövlüyünü və tarixi ədaləti bərpa etməsini, doğma torpaqlarımızdan məhz düşməni qovaraq tarixi missiyanı yerinə yetirməsini də incəliklə təqdim edir. Yazıçı tarixə, xalqın keçmişinə tez-tez müraciət edir. Ermənilərin Azərbaycan torpaqlarında soyqırımı aparmalarının tarixi köklərə malik olmasını roman boyu təsvir edir. Romanda Azərbaycan Ordusunun əzmkarlığının, şücaətinin nəsillərdən-nəsillərə keçməsi, xalqın qanında axan qanla bağlanması və bunun təsviri maraq doğurur. Əsərdə diqqət çəkən məqamlardan biri də Qarabağın döyünən ürəyi Şuşa obrazının yaradılmasıdır. Vətən müharibəsi nəticəsində azad olunaraq Azərbaycanın mədəniyyət paytaxtı elan edilmiş Şuşada gedən döyüşlərin təqdimi yalnız tarixi olayları deyil, Şuşanı mübarizə aparan məkan kimi göstərir. Müəllif tarixə nəzər salaraq Şuşa şəhərinin yaranmasını Pənah xanın dili ilə təqdim edir. Roman “Qarabağ romanı”na aid olan kamil roman nümunəsi kimi Azərbaycan ədəbiyyatında xalqın zəfərini, qələbəsini sənət əsərinə çevirən zəfərnaməsidir.