Həyat və yaradıcılığı


Görkəmli nasir, ədəbiyyatşünas, alim və pedaqoq Mir Cəlal müasir Azərbaycan ədəbiyyatının bünövrəsini qoyanlardan biri olmuşdur. O, bədii yaradıcılığa XX yüzilliyin 20-30-cu illərindən başlamışdır. Mir Cəlal ədəbi aləmdə atdığı inamlı addımlardan sənətin şöhrətli zirvəsinə qədər keçdiyi çətin və şərəfli ömrünün əlli ili ərzində zəngin ədəbi irs yaratmışdır.

Qüdrətli söz ustası bütün şüurlu həyatını ədəbi, elmi və ictimai- pedaqoji fəaliyyətə həsr etmişdir. O, ölməz nəsr əsərləri, elmi dəyərini itirməyən monoqrafiyalar yaratmış, yeni ədəbiyyatşünas və pedoqoji kadrlar yetirmiş, doğma xalqın milli-mənəvi yüksəlişinə çalışmışdır. Mir Cəlalın fəaliyyəti çox cəhətli olmuşdur. Nasir, müəllim, ədəbiyyatşünas, tənqidçi, publisist, ictimai xadim...

Mir Cəlal bütün həyatı boyu yüksək vətəndaşlıq borcunu yerinə yetirərək milli mədəniyyətin, ictimai-ədəbi və pedoqoji fikrin inkişafı uğrunda fədakarlıq nümunəsi göstərmişdir.

Paşayev Mir Cəlal Əli oğlu 1908-ci il aprelin 26-da Cənubi Azərbaycanın səfalı Əndəbil kəndində  anadan olmuşdur. Lakin taleyi onu uşaqlıq çağlarından qədim Gəncə şəhərinə gətirib çıxarmışdır.

1918-ci ildə atası vəfat etdiyindən böyük qardaşının himayəsində yaşamışdır. 1918-1919- cu illərdə Gəncə Xeyriyyə cəmiyyətinin köməyi ilə ibtidai məktəbə daxil olmuşdur. Şəhərin qaynar ictimai mühitində boya-başa çatan Mir Cəlal 1924- 1928- ci illərdə Gəncə Darülmüəllimində təhsilini davam etdirmişdir. Tələbəlik illəri ictimai işlərdə fəal çalışmış, texnikumun tələbə-gənclər təşkilatının, iki il sonra isə, Gəncə şəhər Tələbə-Gənclər Həmkarlar Təşkilatının sədri seçilmişdir. Ədəbi yaradıcılığa maraq da elə bu dövrdə başlamışdır.

1928- ci ildən yaradıcılığa başlayan Mir Cəlal əvvəlcə şeirlə, tənqidlə məşğul olmuş, sonra “Mirzə Xəyal” adlı komediya da yazmışdır. O, ədəbiyyat tarixinə, tənqid və ədəbiyyatşünaslığa dair bir sıra qiymətli əsərin müəllifi olmuşdur.

Mir Cəlal yaradıcılığının mövzu rəngarəngliyi, üslub xüsusiyyətləri, bütünlükdə orijinallığı ilə Azərbaycan yazıçıları içərisində özünəməxsus yer tutur. O, Azərbaycan ədəbiyyatı tarixində gözəl hekayələr ustası, rəngarəng mövzulara həsr olunmuş romanlar yaradıcısı, ədəbiyyatımızın klassik və müasir dövrünü, müxtəlif problemlərini işıqlandıran onlarla dəyərli tədqiqat əsərinin müəllifi kimi tanınmışdır. Mir Cəlal ədəbiyyat tarixinə, tənqid və ədəbiyyatşünaslığa dair bir sıra

qiymətli əsərin müəllifidir. Alim-yazıçı Nizami, Füzuli, Sabir, Nəriman Nərimanov, Cəlil Məmmədquluzadə, Əbdürrəhim bəy Haqverdiyev, Məmməd Səid Ordubadi, Səməd Vurğun kimi ədəbiyyatımızın görkəmli nümunələri ilə yanaşı Lev Tolstoy, Maksim Qorki, M.Şoloxov, Anton Çexov kimi böyük söz ustaları haqqında da qiymətli elmi əsərlər, məqalələr yazmışdır.

Mir Cəlal kənd və şəhərin yüksəlişinə, sovet adamlarının məişət və şüurundan yeni əlamətlərə bir sıra maraqlı oçerk də həsr etmişdir. Bu oçerklərin əksəriyyəti “Sağlam yollarda”, “Yeni kəndin adamları”, “Gözün aydın” kitablarda toplanmışdır. Ədib oçerk janrının tələb və xüsusiyyətlərini nəzərə almaqla  bədii ümumiləşdirməni və ümumən bədiilik məsələsini həmişə diqqət mərkəzində saxlamışdır.

Mir Cəlal diqqətəlayiq romanlar müəllifi kimi də tanınmışdır. O, ilk romanı “Dirilən adam” (1934-1935) yazandan sonra “Bir gəncin manifesti” (1939), “Açıq kitab” (1941-1944), “Yaşıdlarım” (1946-1952), “Təzə şəhər” (1948-1950), “Yolumuz hayanadır” (1952-1957) romanında həyatın geniş epik lövhələrini yaratmışdır.

 “Dirilən adam” və “Bir gəncin manifesti” romanları 1918-1920-ci illərdə Azərbaycan zəhmətkeşlərinin qəhrəman mübarizəsinə həsr olunmuşdur. Müəllif “Açıq kitab” romanında gənclərin köhnəliyə qarşı mübarizəsindən, “Yaşıdlarım” romanında Böyük Vətən müharibəsində xalqın göstərdiyi misilsiz vətənpərvərlikdən bəhs edir. “Təzə şəhər” romanında Sumqayıt şəhərinin qəhrəman qurucularının istehsalat nailiyyətlərindən, “Yolumuz hayanadır” romanında isə xalqımızın böyük oğlu Sabirin həyat və fəaliyyətindən Azərbaycan xalqının mülkədar və kapitalistlər hakimiyyətinə qarşı yüksəlməkdə olan inqilabi mübarizəsinin müəyyən mərhələsində söhbət açılır.

Böyük Vətən müharibəsində xalqın göstərdiyi misilsiz qəhrəmanlıq, dözümlülük və qələbə əzmi Azərbaycan bədii nəsrinin başlıca mövzulardan biri olmuşdur. Ağır müharibə dövründə Mir Cəlalın nəsr yaradıcılığında operativlik, günün tələbinə cavab vermək bacarığı güclənir. “Xalqın ürək sözü” (1941), “Vətən hekayələri” (1942), “İlyas” (1942), “İsrafil” (1942), “Vətən yaraları” (1943), “Vətən” (1944) və s. kitablarında, istərsə də dövri mətbuatda çap etdirdiyi hekayələrdə arxa və ön cəbhədə Azərbaycan xalqının faşizmə qarşı qəhrəmanlıq mübarizəsindən bəhs olunur. Azərbaycan xalqının dar günü kütləvi igidliyi, dözümü, vətənə sədaqəti, qələbəyə inamı bu əsərlərin leytmotivini təşkil edir.

İkinci dünya müharibəsindən sonrakı illərdə Mir Cəlal həyatın irəli sürdüyü vacib ədəbi-tarixi vəzifələri yerinə yetirmək üçün yeni əsərlər üzərində işləyirdi. Onun “Od içindən çıxanlar” (1945) kitabında topladığı hekayələrdə cəbhədən qayıdan adamların sülh şəraitində yaratmaq eşqi, yaradıcı əməyin romantikası verilmişdir.

Bu əsərlərdən göründüyü kimi yazıçı həyat hadisələrinə fəal münasibət bəsləyir, qələmə aldığı mövzunu aydın yazıçı mövqeyi və estetik ideal baxımdan işləyirdi. O, bütün bacarığı və istedadının gücü ilə sülh, asayiş, dinc, xoşbəxt həyat uğrunda mübarizə aparırdı. Onun beynəlxalq mövzuda yazdığı “Çin qızı” (1950), “Sülh istəyənlərə” (1951), “Badam ağacları” (1953), “Ərəb qızı” (1962) və b. hekayələrdə sülh, əmin-amanlıq, humanizm, yer üzündə insanların dinc, məsud yaşaması ideyası təbliğ olunurdu.

Mir Cəlal nədən yazırsa-yazsın öz hekayələrində həyatın dərin qatlarına nüfuz etməyə, hadisələrin daxili mahiyyətini açmağa çalışmışdır. Sənətkəranə sadəlik, fövqəladə təbiilik, heyranedici səmimilik onun yaradıcılığının, bədii üslubunun ən qüvvətli fərqləndirici cəhətidir.

         Mir Cəlala şöhrət qazandıran “Bir gəncin manifesti” romanı böyük poetik bir dillə əks edilməsinə “həyat həqiqətini sənət həqiqətinə” çevirdiyinə görə təkcə Mİr Cəlalın yaradıcılığına deyil, Azərbaycan ədəbiyyatında yeni hadisə idi. 1968-ci ildə “Bir gəncin manifesti” romanı Respublika Gənclər təşkilatının mükafatına layiq görülmüşdü.

         1944-1960- cı illərdə Mir Cəlal Azərbaycan Elmlər Akademiyasının Ədəbiyyat və Dil İnstitutunun müasir Azərbaycan ədəbiyyatı şöbəsinin müdiri işləmişdir. 1947- ci ildə “Azərbaycanda ədəbi məktəblər” sanballı tədqiqat əsərinə görə filologiya elmləri doktoru, alimlik dərəcəsi almışdır. 1948-ci ildə Azərbaycan Dövlət Universitetinin professoru seçilmişdir. 1961-ci ildən isə universitetin Azərbaycan ədəbiyyatı kafedrasında  müdir vəzifəsində çalışmışdır.

         Mir Cəlal bütün fəaliyyəti boyu bədii yaradıcılığı ilə elmi, ədəbi-tənqidi yaradıcılığını qoşa davam etdirmiş, müəllim, elmi rəhbər olmuşdur. Onun yetirdiyi onlarla elmlər doktoru, professor ali məktəblərdə mühazirələr oxuyur, elmi – tədqiqat müəssələrində çalışır.

         Mir Cəlal ədəbi-pedoqoji və elmi xidmətlərinə görə “Şərəf nişanı” (iki dəfə), “Qırmızı Əmək Bayrağı” ordenləri, “Əmək igidliyinə görə” (iki dəfə), “Qafqazın müdafiəsinə görə”, “1941- 1945- ci illərdə Böyük Vətən müharibəsində fədakar əməyinə görə”, “Qabaqcıl maarif xadimi” medalları ilə təltif edilmişdir.

Yazıçı, ədəbiyyatşünas, filologiya elmləri doktoru, əməkdar elm xadimi olan Mir Cəlal yaşadığı 70 il ərzində ömrünü Azərbaycan xalqının ədəbi-elmi və pedoqoji fikrinin inkişafına həsr etdi.

1978-ci il sentyabrın 28-də Mir Cəlal Paşayev vəfat etmiş, Bakıda Fəxri Xiyabanda dəfn olunmuşdur. Xatirəsini əbədiləşdirmək üçün ölkəmizin bir sıra yerlərində küçə, məktəb, kitabxana, mədəniyyət evi hal-hazırda onun adını daşıyır.

         Bu il görkəmli yazıçı, ədəbiyyatşünas, filologiya elmləri doktoru Mir Cəlalın 100 illik yubileyi münasibətilə qədirbilən xalqımız respublikamızın bir çox mədəniyyət ocaqlarında təntənəli tədbirlər keçirir.

         YUNESKO-nun görkəmli şəxsiyyətlərin və əlamətdar hadisələrin qeyd edilməsi proqramı çərçivəsində YUNESKO Baş Konfransının 34-cü sessiyası 2008-2009-cu illərdə yazıçı Mir Cəlal Paşayevin 100 illik yubileyinin rəsmi qeyd olunması ilə bağlı qərar qəbul etmişdir.


I Böımə:
Həyat və yaradıcılığı »

<< “Görkəmli nasir - Mir Cəlal”
<< Bütün metodik vəsaitlər