15 May
Beynəlxalq Ailə Günü, (1994)
Ailə Azərbaycan dövləti, Azərbaycan cəmiyyəti üçün həmişə müqəddəsdir. Dövlətimiz cəmiyyətin əsas atributu olan ailənin rifah halının gündən-günə daha da artmasının qayğısına qalmaqla, onun müqəddəsliyini bir daha təsdiq edir.
BMT Baş Assambleyası 1993-cü ilin sentyabrında 15 may tarixini 1994-cü ildən etibarən hər il Beynəlxalq Ailə Günü kimi qeyd etməyi qərara almışdır. Ailənin cəmiyyətin əsas elementi, kiçik demokratiyanın təməli olduğunu nəzərə alaraq, BMT demokratik ideyaları dəstəkləyən, sülh və demokratik millətlər birliyini qurmağa səy göstərən bütün dünya ailələrini birləşdirməyə çalışır. Azərbaycanda ailə bütün zamanlarda cəmiyyətimizin ən müqəddəs təməl daşı hesab olunub. Ulu öndər Heydər Əliyev Azərbaycan ailəsi və onun problemlərini həmişə diqqətdə saxlayırdı. Bu münasibət indi də dövlət başçımız İlham Əliyev tərəfindən davam etdirilir. Bu gün ölkəmizdə ailə cəmiyyətin əsas özəyi kimi dövlətin xüsusi himayəsindədir və dövlət öz siyasətində ailənin sosial müdafiəsi, gənc ailələrə qayğını əsas tutur. Azərbaycan ailəsi və onun problemlərini həmişə diqqətdə saxlayan ulu öndər Heydər Əliyev cəmiyyətdə qadınların rolunun artırılması, qadınlarla kişilər arasında bərabərliyin gerçəkləşdirilməsi, qadın, ailə problemlərinin həlli istiqamətində də böyük işlər görmüşdür. 1998-ci il yanvarın 14-də Azərbaycanda Qadın Problemləri üzrə Dövlət Komitəsi yaradılmışdır. Bu məsələyə böyük həssaslıqla yanaşan Prezident İlham Əliyev 2006-cı il fevralın 6-da Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin yaradılması haqqında Sərəncam imzalamışdır. Hazırda bu komitə dövlətin ailə siyasətini həyata keçirən bir qurum olaraq mövcud problemlər üzərində işləyir, onların həlli istiqamətində mühüm tədbirlər həyata keçirir. Ölkənin birinci xanımı, Heydər Əliyev Fondunun Prezidenti, millət vəkili Mehriban Əliyevanın ailə, qadın və uşaq məsələlərinə, bu sahədə aktual problemlərə həssas münasibəti bunu bir daha təsdiq edir. M. Əliyevanın təşəbbüsü ilə Heydər Əliyev Fondunun həyata keçirdiyi nəhəng proqram və layihələr ailələr üçün, sözün əsl mənasında, böyük dayaqdır. “Uşaq evləri və internat məktəblərinin inkişafı proqramı” çərçivəsində görülən işlər də əslində, Azərbaycan ailəsinin rifahına, möhkəmlənməsinə xidmət edir.
Beynəlxalq İqlim günü, (1992)
İqlimin qorunması bəşəriyyətin qarşısında duran qlobal problemlərdən biridir. Hər il mayın 15-də dünya Beynəlxalq İqlim Gününü qeyd edir. Bu qeyri-rəsmi bayramın təsis olunması, meteoroloqların iqlimin indiki və gələcək nəsillərin rifahı üçün vacib resurs kimi qorunub saxlanması çağırışına cavab olmuşdur. Qlobal istiləşmə, atmosfer qatında ozonun yüksək səviyyədə olması, planetdə hava şəraitinin dəyişilməsi – Yer kürəsində iqlimin pisləşməsinə səbəb olur və nəticə etibarilə insanların həyat, ərzaq və mülkiyyət təhlükəsizliyinə, təbii ehtiyatların vəziyyətinə və dövlətlərin balanslaşdırılmış inkişafına mənfi təsir göstərir. Müasir elmlər Yer kürəsində temperaturun getdikcə qalxması halında iqlimin fəlakətli dəyişikliyinin vaxtını dəqiq deyə bilmirlər. Lakin ekoloq və meteoroloqların fikrincə, bu dəyişiklikləri təxirə salmaq olar. Geridönməz iqlim dəyişikliklərinə səbəb olan əsas problemlərin sırasına atmosferdə parnik qazlarının toplanmasının çoxalmasıdır. Bu təzahür dünya səviyyəsində ilk dəfə 1992-ci ildə Rio-de-Janeyroda Yer Sammitində müzakirə olunmuşdur. Dünyanın 180-dən çox ölkəsinin nümayəndələri BMT-nin İqlim Dəyişikliyi Haqqında Çərçivə Konvensiyasını imzalamışlar. 1997-ci ildə bu konvensiya tərəfdarlarının Kiotoda (Yaponiya) keçirilən üçüncü konfransında konvensiyaya əlavə kimi məşhur Kioto protokolu qəbul olunmuşdur. 2007-ci ilin dekabrında Balidə (İndoneziya) BMT-nin iqlim dəyişikliyi məsələlərinə həsr olunan başqa bir konfransı keçirilmişdir.
Yer üzündə iqlimin qorunması planetin hər bir sakinindən asılıdır. Bunun üçün avtomobillərdən az istifadə etmək, ağac əkmək, yaşıllıqları qorumaq və s. lazımdır. Bu kiçik işləri hər bir insan həyata keçirsə, əslində çox böyük müsbət nəticələrə səbəb olar.
Yazıçı, dramaturq Altay Məmmədovun 95 illiyi, (1930-2003)
Altay Yusifoğlu 1930-cu il mayın 15-də Gəncə şəhərində doğulmuşdur. Sonra H.Zərdabi adına Pedaqoji İnstitutun dil-ədəbiyyat fakültəsinə daxil olmuşdur (1949). Həmin institutu fərqlənmə diplomu ilə bitirmiş, Azərbaycan ədəbiyyatı tarixi kafedrasında baş müəllim vəzifəsində saxlanmışdır. Ədəbi fəaliyyətə 1950-ci ildə "Ədəbiyyat qəzeti"ndə dərc edilən "Fəhləlikdən alimliyə" adlı oçerki ilə başlamışdır. Sonra kiçik hekayələri ilə diqqəti cəlb etmişdir. 1953-cü ilin mayından "Kirovabad kommunisti" qəzeti redaksiyasında məsul katib (1955), Azərbaycan Yazıçılar İttifaqı Gəncə filialının sədri (1962), H.Zərdabi adına GDPİ-nin elmi işlər üzrə prorektoru (1970-1974), həmin institutun Azərbaycan ədəbiyyatı və onun tədrisi metodikası kafedrasının dosenti (1974-2003) olmuşdur. Altay Məmmədov 1971-ci ildən Azərbaycanın Əməkdar mədəniyyət işçisi adına layiq görülmüşdür. Nizami poeziya teatrının bədii rəhbəri və tamaşaların müəllifidir. 1959-cu ildən altı dəfə şəhər Xalq Deputatları Sovetinə deputat seçilmişdir. Azərbaycan Kommunist Partiyasının XXVII-XXX qurultaylarına nümayəndə seçilmişdir. Azərbaycan Yazıçılar İttifaqı idarə heyətinin üzvü olmuşdur. Onun "Həmyerlilər", "Kişilər", "Yadındamı", "Ulduzlar görüşəndə" və b. dram əsərləri Azərbaycanda, eləcə də Rusiyada, Tacikistanda, Bolqarıstanda, Türkiyə və İranda tamaşaya qoyulub, bir sıra əsərləri ispan, ingilis, ərəb, fars, macar, eston, tacik dillərinə tərcümələrdə çap edilib. Onun "Dəli Domrul" əsəri əsasında Bakı Bələdiyyə Teatrının hazırladığı eyni adlı tamaşa İstanbulda keçirilən Kitabi-Dədə Qorqud günlərində uğurla nümayiş etdirilib və türk mətbuatı tərəfindən yüksək qiymət alıb. Əbdüqəhhar İbrahimovun "İlk busə", Otar İoselianinin "Araba hələ aşmayıb", Vasili Şukşinin "Diribaş adamlar" pyeslərini rus dilindən azərbaycancaya çevirmişdir. Azərbaycan Ali Soveti Rəyasət Heyətinin Fəxri Fərmanı (1980) və medallarla təltif olunmuşdur. 2003-cü il iyulun 15-də Gəncədə vəfat etmişdir.
Əsərləri: “On birinci açar” (1958), “İkinci məhəbbət” (1960), “Məhəbbət və gülüş” (1963), “Tökülən yarpaqlar” (1966), “Məhəbbətin səsi” (1968), “Gülab nəfəsli” (1970), “Azərbaycan ədəbiyyatında hekayə” (1970), “Əşrəf Yusifzadə” (1974), “Ələkbər Seyfi” (1976), “Hekayədə dini fanatizmin tənqidi” (1977), “Yadigar bulaq” (1977), “Ulduzlar görüşəndə” (1979), “Dəli Domrul” (1981), “Əlvida, gözəl dünya” (1988), Azərbaycan ədəbiyyatında hekayə : monoqrafiya. (1970), “Hekayədə dini fanatizmin tənqidi” (1984), “Azərbaycan hekayəsi” (1984), “Oğuz səltənəti” (1992), “Kəngərlər” (1996), “Qəlbinur poeziyası XXI əsrin astanasında” (1999), “Xatirələr işığında” (1999), “Heydər Əliyev və Gəncə” (1999) və s.
Ədəbiyyat: Əhmədov T. Azərbaycan yazıçıları (XX-XXI yüzillikdə) : Ensiklopedik məlumat kitabı. – Bakı : Nurlar Nəşriyyat-Poliqrafiya Mərkəzi, 2011.S 62.
Ədəbiyyatşünas Qəzənfər Əliyevin 95 illiiyi, (1930-1984)
Əliyev Qəzənfər Yusif oğlu 1930-cu il mayın 15-də Gəncə şəhərində anadan olmuşdur. ADU-nun (indiki BDU-nun) şərqşünaslıq fakültəsində oxumuş (1948-1953), sonra Moskvada keçmiş SSRİ Elmlər Akademiyası Şərqşünaslıq İnstitutunun aspiranturasına daxil olmuşdur. Orada məşhur şərqşünas alim, SSRİ EA-nın müxbir üzvü Yevgeni Bertelsin rəhbərliyi altında "Nizami Gəncəvinin "Xosrov və Şirin" və Əmir Xosrov Dəhləvinin "Şirin və Xosrov" poemalarının müqayisəli təhlili" mövzusunda namizədlik dissertasiyası müdafiə etmişdir (1958). 1974-cü ildə "Farsdilli ədəbiyyatın təşəkkülü problemi" mövzusunda doktorluq dissertasiyası müdafiə etmişdir. 1984-cü ilin aprel ayında Bakı şəhərində vəfat etmiş, Gəncədə dəfn olunmuşdur. Nizami məktəbinin tədqiqi təbii olaraq, alimin diqqətini farsdilli ədəbiyyatda Nizamidən sonra ilk "Xəmsə" yazmış böyük hind şairi Əmir Xosrov Dəhləviyə və bütövlükdə Hindistanın farsdilli ədəbiyatına yönəltmişdir. 1972-1979-cu illərdə Moskvada Əmir Xosrov Dəhləvi "Xəmsə"sinə daxil olan poemaların elmi-tənqidi mətnləri Qəzənfər Əliyevin bilavasitə iştirakı və redaktorluğu ilə çap olunmuş və Hindistanın özündə də yüksək qiymət almışdır. O, Əmir Xosrov Dəhləvinin "Həşt behişt" poeması və qəzəlləri ilə yanaşı, Baba Tahirin dübeytilərini, Əbülfeyz Feyzinin "Nəl və Dəmən" poemasını, Mirzə Əsədulla xan Qalibin şeirlərini və digər bədii nümunələri rus dilinə çevirmiş, onlara məzmunlu müqəddimələr və dəyərli şərhlər yazmışdır. Bundan əlavə, Azərbaycan atalar sözləri və təsnifləri də onun tərcüməsində rusdilli oxuculara çatdırılmışdır. 1969-cu ildə Aşqabadda çap olunmuş "Türkmən şairi Bayram xan" adlı kitabı alimin elmi kəşfi sayılır. Moğollar dövrünün görkəmli dövlət xadimi və sərkərdəsi Bayram xan Baharlının bədii irsini üzə çıxarıb tədqiq etməklə, Qəzənfər Əliyev əslində türkmən ədəbiyyatının tarixini azı iki əsr əvvəldən başlamağa imkan yaratmışdır. Elə buna görə də o, çoxcildlik "Türkmən ədəbiyyatı tarixi"nin müəlliflərindən biri olmuş və bütün bu xidmətləri müqabilində 1980-ci ildə Türkmənistanın Dövlət Mükafatına layiq görülmüşdür. 1981-ci ildə isə məşhur şərqşünas Aqafangel Krımskinin qırx il arxivdə yatıb qalan "Nizami və müasirləri" adlı çox qiymətli monoqrafiyası Q.Əliyevin ön sözü və redaktəsi (akademik Ziya Bünyadovla birlikdə) ilə Bakıda nəşr edilmişdir. Qəzənfər Əliyev həm də ikicildlik "Rusca-farsca lüğət"in tərtibçilərindən biri olmuşdur.
Əsərləri: “Leqenda o Xosrove i Şirin v literaturax narodov Vostoka” (1960), “Pervoyazıçnaya literatura İndii (1968), “Bayramxan – türkmenskiy poet” (1969), “Türkmən ədəbiyyatının tarixi (1975), “Amir Xosrov Dexlevi. Xosrov i Şirin” (1979), “Temi i syujeti Nizami v literaturax vostoka” (1984) və s.
Ədəbiyyat: Əhmədov T. Azərbaycan yazıçıları (XX-XXI yüzillikdə) : Ensiklopedik məlumat kitabı. – Bakı : Nurlar Nəşriyyat-Poliqrafiya Mərkəzi, 2011.S 498.
Allahverdizadə Elnur Əli oğlu
Elnur Əli oğlu Allahverdizadə 1995-ci ildə Sumqayıt şəhərində anadan olmuşdur. Əslən Zəngilan rayonundandır. 2016-cı ildə Bakı Slavyan Universitetinin Tərcümə fakültəsini çex dili ixtisası üzrə bitirmişdir. Hərbi xidmətdən geri döndükdən sonra səs rejissoru kimi fəaliyyət göstərmişdir. “Barama" və "Atılmışlar” serialları, bir çox reklam çarxlarının səs rejissoru olmuşdur. Xüsusilə, "Son iclas" bədii filminin bum operatoru, "Buğlama" komediya serialının səs operatoru olmuşdur. "Picmus production”un əməkdaşı olaraq çalışmışdır.
Elnur Allahverdizadə 2016-2017-ci illərdə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmət etmişdir. Hərbi xidmət müddəti bitdikdən sonra mülki şəxs olaraq fəaliyyətini davam etdirmişdir. 2020-ci ilin sentyabrın 29-dan Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Sumqayıt şöbəsindən Vətən müharibəsinə yollanmışdır.
Azərbaycan Ordusunun əsgəri olan Elnur Allahverdizadə 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsində könüllü topçu olaraq iştirak etmişdir. Ağdamın və Xocavəndin azadlığı uğrunda gedən döyüşlərdə vuruşmuşdur. Elnur Allahverdizadə 7 noyabr 2020-ci ildə Ağcabədi rayonunun Yuxarı Qiyaməddinli kəndi istiqamətində döyüş tapşırığının yerinə yetirilməsi zamanı həlak olmuşdur. 8 noyabr 2020-ci ildə Sumqayıt Şəhidlər Xiyabanında dəfn olunmuşdur.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Elnur Allahverdizadə ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.
Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını uğurla yerinə yetirdiyinə, düşmənin əsas qruplaşmalarının məhv edilməsi ilə qoşunların döyüş qabiliyyətinin qorunub saxlanılmasında fərqləndiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Elnur Allahverdizadə ölümündən sonra "Cəsur döyüşçü" medalı ilə təltif edildi.
Azərbaycanın Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Elnur Allahverdizadə ölümündən sonra "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edildi.
Bəylərov Elnur Ehdibar oğlu
Elnur Bəylərov 15 may 1998-ci ildə İmişli rayonunun Ağaməmmədli kəndində anadan olub. 2005-2016-ci illərdə şəhid Elçin Heydərov adına tam orta məktəbdə təhsil almışdır.
Azərbaycan Silahlı Qüvvələrinin müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu olan Elnur Bəylərov 2020-ci il sentyabrın 27-də Azərbaycan və Ermənistan arasında başlanan Vətən müharibəsi zamanı Cəbrayılın və Qubadlının azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Elnur Bəylərov noyabrın 3-də Qubadlı döyüşlərinin birində gecə saatlarında ürəyindən vurulmaqla şəhid olub və doğulduğu İmişli rayonunun Ağaməmmədli kəndində dəfn olunub.
Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Elnur Bəylərov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.
Azərbaycanın Cəbrayıl rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.12.2020-ci il tarixli Sərəncamına əsasən Elnur Bəylərov ölümündən sonra "Cəbrayılın azad olunmasına görə" medalı ilə təltif edildi.
Azərbaycanın Qubadlı rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Elnur Bəylərov ölümündən sonra "Qubadlının azad olunmasına görə" medalı ilə təltif edildi.
Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını uğurla yerinə yetirdiyinə, düşmənin əsas qruplaşmalarının məhv edilməsi ilə qoşunların döyüş qabiliyyətinin qorunub saxlanılmasında fərqləndiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Elnur Bəylərov ölümündən sonra "Cəsur döyüşçü" medalı ilə təltif edildi.
Ələkbərli Kənan Müşfiq oğlu
Kənan Ələkbərli 1996-cı ildə rayonun Qızılhacılı qəsəbəsində anadan olub. Nişanlı idi. Atası Müşfiq Ələkbərov Birinci Qarabağ Savaşının iştirakçılarından, əmisi Cabbar Ziyəddin oğlu Ələkbərov isə Birinci Qarabağ Savaşının Şəhidlərindəndir.
Kənan Ələkbərli 2020-ci ilin sentyabrın 20-dən MAXEHQ kimi işləməyə başlayıb. 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Kənan Ələkbərli Ağdərə döyüşlərində savaşıb. 11 oktyabr 2020-ci il tarixində Ağdərə istiqamətində şəhid olub. Goranboyda torpağa tapşırılıb.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda qoyulmuş tapşırıqların icrası zamanı verilmiş tapşırıqları şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Kənan Ələkbərli ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.
Azərbaycanın Laçın rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Kənan Ələkbərli ölümündən sonra "Laçının azad olunmasına görə" medalı ilə təltif edildi.
Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi uğrunda gedən döyüş əməliyyatlarında şəhid olmuş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının təltif edilməsi haqqında Azərbaycan Prezidenti İlham Əliyevin 05.11.2021-ci il tarixli Sərəncamına əsasən Kənan Ələkbərli ölümündən sonra "Azərbaycan Bayrağı" ordeni ilə təltif edildi.
Fətullayev Tərlan Amanşah oğlu
Tərlan Fətullayev 1989-cu il mayın 15-də Sumqayıt şəhərində anadan olub.
Azərbaycan Ordusunun əsgəri olan Tərlan Fətullayev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Cəbrayılın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Tərlan Fətullayev oktyabrın 25-də Cəbrayıl döyüşləri zamanı şəhid olub. Sumqayıt şəhərinin Şəhidlər Xiyabanında dəfn olunub.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Tərlan Fətullayev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.
Azərbaycanın Cəbrayıl rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.12.2020-ci il tarixli Sərəncamına əsasən Tərlan Fətullayev ölümündən sonra "Cəbrayılın azad olunmasına görə" medalı ilə təltif edildi.
Azərbaycanın Laçın rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Tərlan Fətullayev ölümündən sonra "Laçının azad olunmasına görə" medalı ilə təltif edildi.
Həbibov Murad Asəf oğlu
Həbibov Murad Asəf oğlu 15 may 2001-ci ildə Quba şəhərində anadan olmuşdur. 2008-ci ildə Quba şəhər 6 saylı tam orta məktəbin 1-ci sinfinə qəbul olmuş və həmin məktəbi 2019-cu ildə bitirmişdir. Elə həmin ilin iyul ayında hərbi xidmətə çağırılmış və Azərbaycan Ordusu sıralarına qatılmışdır.
Hərbi xidmətini Goranboy rayonunda başlamış və hərbi təlimləri bitirdikdən sonra xidmətini davam etdirmək üçün Tərtər rayonuna göndərilmişdir. Murad Həbibov hərbi xidmətdə olarkən komandirləri və döyüş yoldaşları tərəfindən cəsur bir minaatan kimi tanınmışdır. O, hərbi xidmətini düşmənlə üzbəüz postlarda aparmışdır. 27 sentyabr 2020-ci ildə torpaqlarımızın azadlığı uğrunda başlayan mübarizəyə ilk qoşulanlardan biri olmuşdur. Belə ki, düşmənin Tərtər rayonu istiqamətində başladığı təxribatçı hücumlarının qarşısını kəsənlər Murad və onun döyüş yoldaşları olmuşdur. Düşmənin hücumlarının qarşısını alan əsgərlərimiz əks-hücuma keçərək düşmənə ağır itkilər vermişdir. Murad Həbibov 2020-ci ilin 3 oktyabrında Ağdərə uğrunda gedən döyüşlərdə qəhrəmancasına həlak olmuşdur. 5 oktyabr 2020-ci ildə Quba Şəhidlər Xiyabanında dəfn olunmuşdur. 2021-ci ilin yanvar ayında Quba şəhərində küçələrin birinə şəhid Həbibov Muradın adı verilmişdir.
Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Murad Həbibov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.
Azərbaycanın Laçın rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Murad Həbibov ölümündən sonra "Laçının azad olunmasına görə" medalı ilə təltif edildi.
Azərbaycan Prezidenti İlham Əliyevin 05.11.2022-ci il tarixli Sərəncamına əsasən ölümündən sonra 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilmişdir.
Mehdili Niftalı Qnyaz oğlu
Mehdili Niftalı Qnyaz oğlu 1996-cı il mayın 15-də Ucar rayonunun Bərgüşad kəndində anadan olub. 2003-cü ildə Bərgüşad kənd məktəbində birinci sinfə gedib və 2011-ci ildə oranı bitirib.
2014-cü ildə Niftalı Mehdili həqiqi hərbi xidmətə yollanıb. 2015-ci ildə xidmətini başa vurub. 2020-ci il sentyabrın 27-də başlanan Vətən Müharibəsinə könüllü şəkildə qatılıb. Oktyabrın 13-də Ağdərə uğrunda gedən döyüşlərdə şəhidlik zirvəsinə yüksəlib.
Məmmədov Elxan Bədəl oğlu
Elxan Bədəl oğlu Məmmədov 1998-ci il mayın 15-də Qobustan rayonunun Cəyirli kəndində anadan olub. 2005–2016-cı illərdə Qobustan rayonunun A. Quliyev adına Cəyirli kənd tam orta məktəbində təhsil alıb.
Elxan Məmmədov 2016–2018-ci illərdə Azərbaycan Ordusunun sıralarında müddətli həqiqi hərbi xidmətdə olub.
Azərbaycan Ordusunun əsgəri olan Elxan Məmmədov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Elxan Məmmədov oktyabrın 11-də Füzuli döyüşləri zamanı ağır yaralanıb və 18 gün xəstəxanada müalicə aldığdan sonra oktyabrın 29-da şəhid olub. Qobustan rayonu Cəyirli kəndində dəfn olunub.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Elxan Məmmədov ölümündən sonra "Vətən uğrunda" "Füzuli uğrunda" " Cəbrayıl uğrunda" "Xocavənd uğrunda" medalı ilə təltif edildi.
Məmmədov Xaqani Mürşüd oğlu
Xaqani Məmmədov 2000-ci il mayın 15-də Kürdəmir şəhərində anadan olub. Subay idi.
Azərbaycan Ordusunun əsgəri olan Xaqani Məmmədov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Xocavəndin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Xaqani Məmmədov noyabrın 2-də Xocavənd döyüşləri zamanı şəhid olub.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Xaqani Məmmədov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.
Azərbaycanın Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Xaqani Məmmədov ölümündən sonra "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edildi.
Muradov Elxan Murad oğlu
15 may 2001-ci ildə Sabirabad rayonu Əhmədabad kəndində dünyaya gəlmişdir. Orta təhsilini 2017-ci ildə Əhmədabad kənd tam orta məktəbində başa vurmuşdur. Orta məktəbdə oxuduğu illərdə şəhidlərə həsr olunmuş tədbirlərdə daim fəal iştirak edirdi.
Elxan orta təhsilini başa vurduqdan sonra Sabirabad rayonu Hərbi Komissarlığı tərəfindən həqiqi hərbi xidmətə çağırılmışdır. Hərbi xidmətini Ağdamda “N”saylı hərbi hissədə yerinə yetirirdi. Hərbi xidmətini başa vurmasına 3 ay qalmış, Elxan , 8 oktyabr 2020-ci ildə qəhrəmancasına şəhid oldu.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Elxan Muradov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.
Azərbaycanın Ağdam rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Elxan Muradov ölümündən sonra "Ağdamın azad olunmasına görə" medalı ilə təltif edildi.
Namazov Babək Səhman oğlu
Babək Namazov 1994-cü il mayın 15-də Şəmkir rayonunun Əliyaqublu kəndində anadan olub.
Azərbaycan Ordusunun kiçik çavuşu olan Babək Namazov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Cəbrayılın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Babək Namazov oktyabrın 5-də Cəbrayıl döyüşləri zamanı şəhid olub. Uzun müddət nəşi tapıla bilməyib. 2021-ci il fevralın 20-də dəfn olunub.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Babək Namazov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.
Azərbaycanın Cəbrayıl rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Babək Namazov ölümündən sonra "Cəbrayılın azad olunmasına görə" medalı ilə təltif edildi.
Azərbaycanın Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Babək Namazov ölümündən sonra "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edildi.
Azərbaycanın Kəlbəcər rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Babək Namazov ölümündən sonra "Kəlbəcərin azad olunmasına görə" medalı ilə təltif edildi.
Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi uğrunda gedən döyüş əməliyyatlarında şəhid olmuş Babək Namazov Azərbaycan Prezidenti İlham Əliyevin 05.11.2021-ci il tarixli Sərəncamına əsasən ölümündən sonra "Azərbaycan Bayrağı" ordeni ilə təltif edildi.
Səfərov Oqtay Əhməd oğlu
Oqtay Səfərov 1993-cü il mayın 15-də Saatlı rayonunun Qaralar kəndində anadan olub. Subay idi.
Oqtay Səfərov 2011-2013-cü illərdə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmətdə olub.
Azərbaycan Ordusunun əsgəri olan Oqtay Səfərov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Xocavəndin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Oqtay Səfərov noyabrın 3-də Xocavənd döyüşləri zamanı şəhid olub. Saatlı rayonunda dəfn olunub.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Oqtay Səfərov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi. "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edilib.
Təhməzov Rövşən Zahid oğlu
Rövşən Təhməzov 15 may 1991-ci ildə Sumqayıt şəhərində anadan olmuşdur.
Rövşən Təhməzov Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 27 sentyabr 2020-ci il tarixdən başlayan Vətən müharibəsi başlanan zaman könüllü olaraq döyüşlərə qatılıb və torpaqlarımızın işğaldan azad olunmasında igidlik göstərərək Tərtər-Ağdərə istiqamətində gedən döyüşlərdə qəhrəmancasına həlak olmuşdur.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Rövşən Təhməzov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.
Azərbaycanın Füzulinin rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Rövşən Təhməzov ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.