Nizami Gəncəvi - Söz sənəti mülkünün sultanı

Nizami Gəncəvi, sərəncam

 

Görkəmli şəxsiyyətlərin Nizami Gəncəvi haqqında deyimləri

 

Nizaminin hikmət dünyası

Çalış ki, kirpiyin olsun almaztək,

Ayıq ol ölkənin keşiyini çək!

Xidmət etmək sayılır kişilikdən nişana,

Xalqına xidmət etmək bir şərəfdir insana.

Çalış öz xalqının işinə yara,

Geysin əməlindən dünya zər-xara.

Hünər ardınca qoş, xalqa hünər saç,

 Qapılar bağlama, ər ol, qapı aç.

Səadət kamalla yetişir başa,

Xalqa hörmət elə, ədəblə yaşa.

Öz qəbiləsinə asi olan şəxs,

Onunla bir yerdə yaşaya bilməz.

Xalq mənə versə də əziyyət, kədər,

Qıymaram incisin məndən bir nəfər.

Əziyyət eyləsən, cəfa görərsən,

Mehribanlıq etsən, səfa sürərsən.

Yamanlıq etməkdən uzaq ol, uzaq.

Pisliyin əvəzi pislik olacaq.

Bəla görəcəksən pislik etdincə,

Əvəz verəcəkdir dünya hər kəsə.

Yaşa ki, dünyaya işıq verəsən,

Torpağa göz dikmə ilan kimi sən.

Yaxşılıq etməsən əgər insana,

Böyüklük şərəfi verilməz sana.

Quyuya salsan da yaxşılığı, bil,

Yenə qayıdacaq, o itən deyil.

Bir xarabə görsən, qurmağa tələs,

Məsləhət belədir, əməyin itməz.

Xudpəsənd olmayan təmiz bir insan,

Qorxmaz nə yaxşıdan, nə də yamandan.

(Azərbaycan dili və ədəbiyyatı tədrisi. – 1990. – № 2.)

 

Bacarsan hamının yükünü sən çək,

İnsana ən böyük şərəfdir əmək.

Sən də əldən düşüb yorulsan əgər,

Sənin də yükünü bütün el çəkər.

Yaxşı adamların göz yum eybinə,

Yaxşı şey öyrətməz yaman göz sənə.

Yamanlıq etməkdən uzaq ol, uzaq,

Pisliyin əvəzi pislik olacaq.

Eşitməmisənmi bu məşhur sözü:

“Quyu qazan adam düşəcək özü”.

Xöş ətirlər saçmaq istəyən adam

Gültək xoşxasiyyət olmalı müdam.

Yaxşılıq etməsən əgər insana,

Böyüklük şərəfi verilməz sana.

Bir kəsin dadına istəsən çatmaq,

O zaman ləngimə, tələs sən ancaq.

Birilə köhnədən olarsa, kinin,

Kökünü qazıma onun nəslinin.

Atayçın oğuldan alma intiqam,

Çalış dost olasan onunla müdam.

Bir olsa yoldaşın dostun əməli,

Daşdan su çıxardar onların əli.

Nifaq olan yerdə fəlakət də var,

Səadət günəşi birlikdən doğar.

(Kitablar aləmində. – 1991. – № 1-2. – Üz qabığının arxa səhifəsi)

 

Otlara yaraşar başını əymək,

İnsanın başıysa ucala gərək.

Bilikli adamlar uzağı görər,

Cahilin zəhməti hədərdir, hədər.

İnsanın qalacaq sözü yadigar.

Yeldir yerdə qalan başqa hər nə var.

Nə qədər oxuyub öyrəndim, heyhat.

Yenə də qəlbimi görmədim rahat.

Dilin bəlasıdır uzunçu olmaq.

Ariflər işidir sükuta dalmaq.

 

İndi yüz yoxsulun tökülsə qanı.

Qeydinə qalacaq bir adam hanı?

 Gecəni gündüzü çox vermə bada,

Yaxşı ad uğrunda çalış dünyada.

 

Heç oturub, durma pis dostla çəkin

Şəninə əksiklik gətirər sənin.

 

Paxıllıq eləsə dostuna hər kəs,

Onun yoldaşlığı torpağa dəyməz.

 

Çox gözəl olsa da eybi gizləmək,

Dost dostun eybini örtməsin gərək.

 

Birlikdən yaranıb zəfər döyüşdə,

Dostların birliyi gərək hər işdə.

 

İnsan yem dalınca qaçmasın gərək,

Quşdan ayıq olsun, zirəkdən zirək.

 

Halal ye tərlantək, halal ov ara,

Bənzəmə leş üstə qonan quşlara.

 

Torpağa mərhəmət xeyirdir, inan,

Lütf etsən gül verər, zülm etsən tikan.

 

Xəzinə kəşf etmək istəsən əgər,

Hər bir çətinliyə tab et, sinə gər.

 

İnsana arxadır onun kamalı,

Ağıldır hər kəsin dövləti malı.

 

Hər kim öyrənməyi bilməyirsə ar

Sudan dürr, daşdan da gövhər çıxardar.

 

Qüvvət elmdədir, başqa cür heç kəs, 

Heç kəsə üstünlük eyləyə bilməz.

 

Sözün də su kimi lətafəti var,

Hər sözü az demək daha xoş olar.

 

Əsası çox möhkəm olmayan evin

Bütün dörd divarı tez uçar, yəqin.

 

Məhəbbət daimi olmasa əgər,

Gəncliyin bir şəhvət oyuna dönər.

Məhəbbət odur ki, odu sönməsin,

İnsan yaşadıqca üzü dönməsin.

 

Həddən çox yeməyə etmə sən adət,

Mədəni doldurmaq zəhmətdir, zəhmət.

 

Bir ürəkdə olmaz iki sevgili,

İki ürəklinin düz olmaz dili.

 

Əqilli bir işdir yumşaq danışmaq,

Axmağın işidir kobudluq ancaq.

 

İstəsən övladın olsun pak ürək,

Bir ata, bir ana tanısın gərək.

 

İki qəlb bir olsa dağı parçalar,

Böyük bir kütləni edər tarü-mar.

 

Eşqdir mehrabı uca göylərin,

Eşqsiz ey dünya nədir dəyərin?

 

Poladdan dağ olsa da inan

Onu parça-parça dağıdar insan.

 

Bu dərya yolunda vardır çox zəhər,

Əziyyət çəkənlər dürr əldə edər.

 

Hər uca rütbədən biliniz, fəqət,

Alimin rütbəsi ucadır əlbət.

 

Bircə arvad al ki, olasan əziz,

Çox arvadlı kişi olar kimsəsiz.

 

Əvvəl əyri bitən cavan bir budaq,

Zənn etmə qocalsa düzgün olacaq.

 

Hər kəs ki, zülm üçün qılıncı aldı,

Qan tökən şir  kimi pəncəsiz qaldı.

 

Dəmiri aynatək parldan insan,

Pası silməlidir öz vicdanından.

 

Günəşə göz yumub yandırsan çıraq,

Külək söndürəcək onu, bil ancaq.

 

Səni boğmaq istəyən dərin bilgili düşmən,

Cahil dostdan yaxşıdır.

 

Kim yaxşı adamların bəyənsə dostluğunu,

Bir gün görər onların yararlı olduğunu.

 

Bərk ayaqda səmimi, ürəyi təmiz yoldaş,

Nə ayağından çəkər, nə səndən qaçırar baş.

 

Vəfalı dostu hər an könüldən soruş öyrən!

 

Dünyada çox iş var yoldaşdan aşar,

Yaman gündə çatır dada yoldaşlar.

Dost qəlbi torpaqdır, ona əl vursan,

Əlin pak olacaq o zaman, inan.

 

Dostların üzünə məclisi parlat

Göz və könül gülsün, xoş olsun həyat.

 

Bir dost ki, dost ilə hey nifaq eylər,

O, demək, düşmənlə ittifaq eylər.

 

Yaxşı ad qazanmış gözəl dost ara,

Ondan yetişərsən sən ağ günə, vara.

 

Yaxşılar cilovu verməzlər pisə,

Satmazalr dostları yada, nakəsə.

 

Dostluq iddiası edən bir ürək

Sözdən başqa çox şey bildirə gərək.

 

İnsan, dostu nacins olarsa əgər,

Ondan yalnız hədsiz pisliklər görər.

 

İki saf güzgünü üz-üzə qoysan,

Onlarda bir ləkə olmaz heç zaman.

 

Birlikdən yaranıb zəfər döyüşdə,

Dostların birliyi gərək hər işdə.

 

Heç qorxma acizə zülm edənlərədən

Yoxsa qul olarsan onlara hökmən.

Şir kimi hücum et, şirə rast gəlsən

İt görən zamanda gəl baş qoşma sən.

 

Bilikli adamlar uzağı görər,

Cahilin zəhməti hədərdir hədər.

 

Bir elmi öyrənmək istədikdə sən

Çalış ki, hər şeyi kamil biləsən.

Kamil bir palançı olsa da insan

Yaxşıdır yarımçıq papaqçılıqdan.

 

Elə adamlar axtarın ki, 

Onlarla yaxşı kitaba bərabər olsun, söhbət.

Elə kitablar da axtarın ki,

Mütaliəsi filosoflarla söhbətə dəysin!

 

Sirrini bilməsin evdə divarlar

Divar dalındada çünki qulaq var.

 

Çox iti beyinlər yatan oldular,

Axırda saxsı qab satan oldular.

 

Bəzən çətin zamanda ceyran belə aslan olur.

 

Qəlbini çalmasın bu var, bu dövlət

Azı bir zillətdir, çoxu fəlakət.

Göydə ol, yerdə ol fərqi yox bunun

Torpaqsan, yenə də torpaqdır sonun.

 

Dəli oşəxsdir ki, dünya varını –

Çox sevib, bərkidib ev hasarını.

 

Şikarı tutmağa aslan gərəkdir,

Tülkünün peşəsi müftə yeməkdir.

 

Nə qədər məsuddur şən həyat quran,

Tamah süfrəsindən az bir şey uman.

Sevdiyi guşədə keçinir rahət,

Hünərlə çalışır, yaradır sənət.

 

Yamanlıq eləsə özgəyə hər kəs,

Çıxar qabağına, hədərə getməz.

 

Torpağa mərhəmət xeyirdir inan,

Lütf etsən gül verər, zülm etsən tikan.

 

Qorx ki, boyun vuran qılıncın bir gün,

Vursun öz boynunu nahaq qan üçün.

 

Öz işinə görə söz danış hər an

İpək toxuyarmı həsir sarıyan?

 

Az danış desinlər sözündə güc var,

Çox sözü dinləyən çox nöqsan tutar.

Söz deyən qəvvasdır, söz isə gövhər,

Bu gövhər çox çətin əmələ gələr.

 

Boş, mənasız sözlər kimə gərəkdir?

Kim belə sözləri dinləyəcəkdir?

Sözündə çoxluğa qoyma yer olsun,

Birin yüz olmasın, yüzün bir olsun.

 

Sormadan kim sözə başlasa, bişək,

Sözü küləklərə sovurmuş demək.

 

Sözün də su kimi lətafəti var

Hər spzü az demək daha xoş olar.

 

İnci tək sözlər seç, az danış, az din,

Qoy az sözlərinlə dünya bəzənsin.

 

Öz adına layiq söz danış ki, sən

Axırda qızarma xəcalətindən.

 

Can sözdür, əgər bilirsə insan,

Sözdür ki, deyirlər: özgədir can.

 

Sözün qanadları var quş kimi incə-incə,

Dünyada söz olmasa, nəyə gərək düşüncə?

Yeniliklər törədən bu qoca kainatda,

Sözdən kəskin və incə bir şey tapılmaz hətta,

Düşüncənin əvvəli, bütün sayların sonu,

Sözdür, yadında saxla, unutma əsla bunu...

Söz bayraqdan daha çox əldə eyləyər zəfər,

Qılıncdan daha artıq qalxıb alar ölkələr

 

Hər kəsi sınaqdan keçirib düz bax : Nizami sözündən incilər // Mədəniyyət. – 2021. – 21 may. - № 36. – S. 7. (hər kəsi sınaqdan keçirib  düz bax)

Nizami Gəncəvi hikməti // Ekspress. – 1998. – 19-20 noyabr. – S.20. (Nizami Gəncəvi hikməti)

Nizami sözündən incilər // Mədəniyyət. - 2021. - 16 iyul. - № 53. - S. 7. 

(Nizami sözündən incilər)

Hər kəsi sınaqdan keçirib düz bax... : Nizami sözündən incilər // Mədəniyyət. - 2021. - 21 may. - № 36. - S. 7. (hər kəsi sınaqdan keçirib  düz bax)

 

Birlikdən yaranıb zəfər döyüşdə : Nizami sözündən incilər // Mədəniyyət. - 2021. - 9 aprel. - № 25. - S. 7. (Birlikdən yaranıb zəfər döyüşdə )

 Gücnü ədalətdən heç zaman uca tutma... : Nizami sözündən incilər // Mədəniyyət. - 2021. - 12 mart. - № 19. - S. 7. (Gücünü ədalətdən heç zaman uca tutma)

 

Nizami Gəncəvinin əsərləri

 

Nizami Gəncəvinin həyat və yaradıcılığına həsr olunmuş məqalələr

 

Nizami Gəncəviyə həsr olunmuş bədii əsərlər