18 sentyabr 2026-cı il tarixində F. Köçərli adına Respublika Uşaq Kitabxanasında Azərbaycan musiqi mədəniyyətinin banisi, dünya şöhrətli bəstəkar, dirijor, pedaqoq və ictimai xadim Üzeyir Hacıbəyovun doğum günü münasibətilə Milli Musiqi Gününə həsr olunmuş tədbir təşkil edilib.
Tədbir Azərbaycanın Dövlət Himni ilə açıq elan olunub. Daha sonra kitabxananın əməkdaşı Üzeyir Hacıbəyovun həyat və yaradıcılığı haqqında çıxış edib. Tədbirdə dahi bəstəkarın həyatı, yaradıcılığı və ev-muzeyində qorunan eksponatlar haqqında ətraflı məlumat verən sənədli filmə əsaslanan videoçarx nümayiş etdirilib.
Tədbirdə Ə. Bədəlbəyli adına 23 nömrəli Onbirillik Musiqi Məktəbinin müəllim və şagirdləri iştirak ediblər. Məktəbin gənc istedadlarının ifasında musiqi nömrələri səsləndirilib. Həmçinin kitabxanada Milli Musiqi Günü münasibətilə təşkil olunmuş tematik kitab sərgisində Azərbaycan musiqi sənətinə töhfə vermiş görkəmli bəstəkar və musiqiçilərin həyat və yaradıcılığına dair nəşrlər nümayiş etdirilib. Sərginin əsas hissəsini Üzeyir Hacıbəyovun irsinə həsr olunmuş kitablar təşkil edib.
Tədbirin məqsədi Azərbaycan musiqisinin keçmişinə ehtiram, bu günə dəyər və gələcəyə məsuliyyət hissi aşılayaraq, Üzeyir Hacıbəyovun zəngin irsini gənc nəslə tanıtmaq və milli musiqi mədəniyyətimizə marağı artırmaqdır.