4 avqust 2026-cı il tarixində Sosial Xidmətlər Agentliyinin 2 nömrəli Uşaq Reabilitasiya Mərkəzində F.Köçərli adına Respublika Uşaq Kitabxanasının 2 saylı filialı ilə birgə əməkdaşlıq çərçivəsində 1 avqust – Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü münasibətilə tədbir keçirilib. Tədbirdə mərkəzin kollektivi, kitabxana əməkdaşları və kiçik yaşlı oxucular iştirak ediblər.
Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Daha sonra kitabxana əməkdaşları tərəfindən Azərbaycan dilinin və əlifbasının yaranma tarixi, inkişaf mərhələləri və milli-mənəvi dəyərlərimizdəki rolu barədə ətraflı məlumat verilib.
Bildirilib ki, Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü ana dilimizin inkişafına, qorunmasına və gələcək nəsillərə ötürülməsinə göstərilən yüksək diqqət və ehtiramın ifadəsidir. Azərbaycan dilini qorumaq, əlifbamıza hörmətlə yanaşmaq və bu zəngin irsi gələcək nəsillərə çatdırmaq hər bir vətəndaşın mühüm borcudur.
Tədbir zamanı uşaqların ifasında səsləndirilən şeirlər, musiqi nömrələri və mahnılar iştirakçılara xoş və duyğulu anlar yaşadıb. Tədbir çərçivəsində mövzuya həsr olunmuş kitablardan ibarət sərgi də təşkil olunub. Kitabxana əməkdaşları sərgidə nümayiş olunan kitablar haqqında məlumat veriblər.
Tədbirin keçirilməsində əsas məqsəd uşaqlarda Azərbaycan dilinə sevgi və hörmət hissini gücləndirmək, ana dilimizin saflığının qorunmasının vacibliyini aşılamaq, Azərbaycan əlifbasının tarixini tanıtmaq və milli-mənəvi dəyərlərimizi təbliğ etməkdən ibarət olub.














