6 noyabr 2025-ci il tarixində F.Köçərli adına Respublika Uşaq Kitabxanasının əməkdaşlarının təşəbbüsü ilə Zəfər Günü münasibətilə 258 saylı tam orta məktəbin şagirdləri ilə birgə ekskursiya təşkil olunub. Ekskursiya çərçivəsində şagirdlər Qənimətlər Parkını və II Fəxri Xiyabanı ziyarət ediblər.
Ekskursiya zamanı məktəblilərə Vətən müharibəsində qazanılmış möhtəşəm Zəfər, qəhrəman əsgər və zabitlərimizin göstərdiyi igidliklər barədə geniş məlumat verilib. Qənimətlər Parkında uşaqlar müharibə zamanı ələ keçirilmiş hərbi texnika ilə tanış olub, 44 günlük Vətən müharibəsi haqqında daha dolğun təsəvvür əldə ediblər.
Daha sonra iştirakçılar II Fəxri Xiyabana gedərək Vətən uğrunda canından keçmiş qəhrəmanların məzarlarını ziyarət edib, gül dəstələri düzüb və şəhidlərin əziz xatirəsini dərin ehtiramla anıblar.
Ekskursiyanın əsas məqsədi şagirdlərdə vətənpərvərlik hisslərini gücləndirmək, qəhrəman şəhidlərimizin xatirəsini yad etmək və Azərbaycanın tarixi Zəfərini daha yaxından tanıtmaq olub.














