28 fevral 2025-ci il tarixində F.Köçərli adına Respublika Uşaq Kitabxanasında Xocalı Soyqırımının 33-cü ildönümünə həsr olunmuş “Xocalı Soyqırımı şahidlərin xatirəsində” adlı tədbir keçirilib. Tədbirdə kitabxana əməkdaşları, tələbələr, Xocalı hadisələrinin canlı şahidi, Xocalı sakini Vərziyər Əliyeva və əslən Xocalıdan olan Ləman Quluzadə iştirak edib.
Öncə Xocalı soyqırımında və vətən uğrunda canlarını fəda etmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib və dövlət himni səsləndirilib. Daha sonra tədbir iştirakçılarına Xocalı faciəsinin təfərrüatlarını və tarixi həqiqətləri əks etdirən videoçarx nümayiş etdirilib. Videoçarxda Xocalı hadisələrinin canlı şahidi Mehdi Əliyev yaşadığı və şahidi olduğu hadisələrdən bəhs edib.
Videoçarxın nümayişindən sonra Xocalı Soyqırımının tarixi kontekstində ətraflı məlumat verilib və bu tarixi diyarın azad edilməsi ilə bağlı Azərbaycan dövlətinin qətiyyəti, ordumuzun qəhrəmanlığından bəhs edilib.
Tədbirin sonunda Xocalı hadisələrinin birbaşa şahidi Vərziyər Əliyeva çıxış edib. Qonaq yaşadığı hadisələri və baş verən hadisələri tədbir iştirakçılarına çatdıraraq Xocalı soyqırımının xalqımız üçün nə qədər böyük bir faciə olduğunu vurğulayıb. Həmçinin, BDU-nun tələbəsi Ləman Quluzadə çıxışında ailəsi tərəfindən verilən məlumatları tədbir iştirakçılarına çatdırıb.
Tədbirin keçirilməsində əsas məqsəd Xocalı soyqırımını unutmamaq, bu faciəni nəsildən-nəslə ötürmək və Xocalı ilə bağlı həqiqətləri yaddaşlarda daima yaşatmaqdan ibarətdir.