Xocalı qətliamı Azərbaycan xalqının tarixində erməni faşistlərinin insan təfəkkürünə sığmayan vəhşiliklərinin acı nümunəsidir. 1992-ci ilin fevral ayının 25-dən 26-na keçən gecə Ermənistan hərbi birləşmələri Xocalı şəhərində soyqırım aktı törətmişdilər. Bu soyqırım Azərbaycan tarixinin ən faciəli və dəhşətli hadisələrindən biridir. Xocalı soyqırımı beynəlxalq hüquqa görə bir "soyqırım" və "insanlıq əleyhinə cinayət" olaraq qiymətləndirilir. Xocalı, yalnız bir şəhər və ya bir döyüşün nəticəsi deyil, həm də Azərbaycan xalqının yaşadığı ağrı, acı və itkilərin simvoludur.
Xocalı soyqırımı zamanı 106-s qadın, 63-ü uşaq və 70-i yaşlı insan olmaqla 613 nəfər qətlə yetirilmiş, 1275 sakin girov götürülmüş, 150 nəfərin taleyi isə bu günədək naməlum qalmışdır. Həmin faciəvi gecə zamanı 487 nəfər Xocalı sakini ciddi şəkildə şikəst edilmişdi. 8 ailə tamamilə məhv edilmiş, 25 uşaq hər iki valideynini və 130 uşaq isə bir valideynini itirmişdir.
F.Köçərli adına Respublika Uşaq Kitabxanasının Məlumat-biblioqrafiya şöbəsi tərəfindən “Sönməyən od, dinməyən haray...” adlı veblioqrafiya virtual istifadəçilər üçün hazırlanmışdır. Veblioqrafiyada görkəmli şəxsiyyətlərin Xocalı soyqırımı haqqında fikirləri, 27 kitab, 34 adda dövrü mətbuat materialları yer alıb. Həmçinin veblioqrafiyada dərc olunan məqalələrin tammətnli siyahısı hazırlanıb oxuculara təqdim olunub.
Veblioqrafiya ilə aşağıdakı link vasitəsilə tanış ola bilərsiniz.