Dədə Qorqud hekayələri / hazır., rəs. Fatih M. Durmuş ; tərc. ed. N. Zöhrabi ; red. Q. Nəcəfzadə. - Bakı : TEAS PRESS Nəşriyyat evi. "Üç alma uşaq ədəbiyyatı", 2016. - 176 s.
Türk mədəniyyəti tarixinin mükəmməl əsərlərindən biri olan "Dədə Qorqud" hekayələri XII-XIV əsrlər arasındakı bir zaman kəsiyində Azərbaycanı, Şərqi və Cənub- Şərqi Anadolunu özlərinə yurd yeri seçmiş Oğuzların məişətini, dilini, tarixini, ədəbiyyat və mədəniyyətini əks etdirən dinamik və rəngarəng hekayələrdən ibarətdir. "Aşıqlar başı" kimi yad edilən Dədə Qorqudun əsl adının Qorqud Ata olduğu məlumdur. Bilikli, təcrübəli və yaşlı olmasına görə ona "Dədə" ləqəbi verildiyi güman edilir. Dədə Qorqud ölkədəki münaqişə və mübahisələri sülhlə yoluna qoyur, insanlara yol göstərir. O, müəyyən mənada ictimai quruluşun memarı, Oğuz adət-ənənələrinin ən yaxşı təmsilçisidir. Hekayələrdə qəhrəmanlıq motivi ön plandadır. Qəhrəmanlarımız heç bir tərəddüd göstərmədən bütün maneələri keçərək istədikləri nəticəyə nail olurlar. Dürüst olmaq, başqalarının haqqına hörmət göstərmək və haqsızlığa məruz qalanı müdafiə edib zalıma qarşı mübarizə aparmaq hekayələrin əsas xüsusiyyətlərindəndir.