18 sentyabr 2025-ci il tarixində F. Köçərli adına Respublika Uşaq Kitabxanasında Azərbaycan musiqi mədəniyyətinin banisi, dünya şöhrətli bəstəkar, dirijor, pedaqoq və ictimai xadim Üzeyir Hacıbəyovun doğum günü münasibətilə Milli Musiqi Gününə həsr olunmuş tədbir keçirilib.
Tədbirin əsas məqsədi uşaqlara və yeniyetmələrə Üzeyir Hacıbəyovun zəngin irsini tanıtmaq, Azərbaycan milli musiqi mədəniyyətini təbliğ etmək və musiqiyə olan marağı artırmaq olub.
Tədbirdə Üzeyir Hacıbəyovun həyat və yaradıcılığına dair sənədli film və Şuşa şəhərində yerləşən ev-muzeyinə həsr olunmuş videoçarx nümayiş etdirilib. Videoçarxda dahi bəstəkarın həyatı, yaradıcılığı və ev-muzeyində qorunan eksponatlar haqqında ətraflı məlumat təqdim olunub.
Həmçinin kitabxanada Milli Musiqi Günü münasibətilə təşkil olunmuş tematik kitab sərgisində Azərbaycan musiqi sənətinə töhfə vermiş görkəmli bəstəkar və musiqiçilərin həyat və yaradıcılığına dair nəşrlər nümayiş etdirilib. Xüsusilə Üzeyir Hacıbəyovun irsinə həsr olunmuş kitablar sərginin əsas hissəsini təşkil edib.
Tədbirdə çıxış edən kitabxana əməkdaşları Üzeyir Hacıbəyovun Azərbaycan musiqi mədəniyyətindəki misilsiz rolunu vurğulayaraq, onun əsərlərinin həm milli musiqimizin inciləri, həm də dünya mədəniyyət xəzinəsinin dəyərli nümunələri olduğunu qeyd ediblər.
Tədbir çərçivəsində 1976-cı ildə bəstəkarın xatirəsinə çəkilmiş sənədli film də nümayiş olunub. Film Üzeyir bəyin yaradıcılıq yolunu əhatə edərək “Leyli və Məcnun”, “Koroğlu” kimi əvəzsiz əsərləri barədə məlumat verib.
Tədbirdə bəstəkarın Şuşadakı ev-muzeyi haqqında da məlumat verilib. Bildirilib ki, muzey 1959–1992-ci illərdə fəaliyyət göstərib, lakin Şuşanın işğalı zamanı dağıdılıb. 2020-ci ildə Şuşanın azad edilməsindən sonra muzeydə aparılan bərpa işləri nəticəsində 2024-cü ildə yenidən fəaliyyətə başlayıb.
Tədbir gənc ifaçıların çıxışı ilə davam edib. Gənc pianoçular – Əhmədli Ayşən və 177 nömrəli orta məktəbin 11-ci sinif şagirdi Kərimli Hüseynin klassik və milli musiqi əsərlərindən ibarət çıxışları tədbir iştirakçıları tərəfindən böyük maraqla qarşılanıb.
Sonda vurğulanıb ki, Üzeyir Hacıbəyovun adı Azərbaycan musiqi tarixində əbədi yaşayır və onun zəngin irsi milli-mənəvi dəyərlərin qorunmasında mühüm rol oynayır. Çıxışlarda musiqinin insanın mənəvi zənginliyində və estetik tərbiyəsində əhəmiyyətli təsir gücünə malik olduğu xüsusi qeyd edilib.
