3 fevral 2025-ci il tarixində Respublika Uşaq Kitabxanasında “2 Fevral – Azərbaycan Gəncləri Günü” münasibəti ilə tədbir, eyni zamanda kitab sərgisi təşkil edilib. Sərgidə gənc yazıçıların, həmçinin yazıçı Rövşən Abdullaoğlunun gənclər üçün yazmış olduğu fərdi inkişaf yönümlü kitabları yer alıb. Respublika Uşaq Kitabxanasının direktoru tədbiri açıq elan edib və bütün Azərbaycan gənclərini bu əlamətdar bayram günü münasibətilə təbrik edərək, onlara günü-gündən daha da inkişaf edən ölkəmizdə xoşbəxt və firavan gənclik, sağlamlıq və uğurlu gələcək arzulayıb.
Ümummilli Lider Heydər Əliyev hər zaman gənclərimizə böyük ümidlər bəsləyib, çıxışları zamanı və keçirdiyi görüşlərdə dəfələrlə qeyd edib ki: “Siz, əziz gənclər müstəqil Azərbaycan Respublikasının nə qədər çətinliklə başa gəldiyini dərk edərək müstəqil Azərbaycan Respublikasının gələcəyini qoruyub saxlayacaqsınız. Mən buna əminəm!” Dövlətin gənclər siyasəti bu gün Ümummilli Liderin layiqli davamçısı Prezident İlham Əliyev tərəfindən yeni inkişaf mərhələsinə qədəm qoyub. Gənclərin hərtərəfli inkişafı, müxtəlif sahələr üzrə potensiallarının aşkar edilməsi üçün münbit şərait yaradılıb.
Tədbirdə Prezident İlham Əliyevin Gənclər Günü münasibətilə söylədiyi nitqin videogörüntüsü, həmçinin “Kitabların gənclərə, gənclərin isə dünyaya sözü var” adlı videoçarx təqdim edilib.