28 oktyabr 2024-cü il tarixində 47 nömrəli tam orta məktəbdə F.Köçərli adına Respublika Uşaq Kitabxanası tərəfindən ibtidai sinif şagirdləri üçün 44 günlük Vətən müharibəsinə həsr olunmuş kitabların icmalı keçirilib. Uşaqların tərbiyəsində böyük əhəmiyyət kəsb edən kitablar, onların körpə qəlblərində nəcib insani keyfiyyətlər, dürüstlük və təvazökarlıq, yoldaşlıq, dostluqda sədaqət kimi hisslər oyadır. Vətənpərvərlik və vətənə məhəbbət hisslərini uşaqlara aşılamaq üçün Respublika Uşaq Kitabxanası şifahi təbliğat formasına hər zaman geniş yer verib və yeniyetmələrdə vətənpərvərlik tərbiyəsi və təbliği istiqamətində fəaliyyətini davam etdirir. Bu cür kitabların icmalı şagirdlərin yeni məlumatlar əldə etməsini və kitaba maraqlarını daha da artırır.
İcmal zamanı şəhidlərimizin ruhu 1 dəqiqəlik sükutla yad edildikdən sonra kitabxananın əməkdaşı şagirdlərə 44 günlük Vətən müharibəsindən geniş şəkildə bəhs edərək, bu vaxt xalqımızın göstərdiyi əzmkarlıqdan, ordumuzun rəşadəti sayəsində qələbəyə gedən yoldan danışıb. Uşaqlar kitablarla tanış olub, vətənpərvərlik mövzusunda öz fikirlərini səsləndiriblər.
İcmal olunan kitablar arasında “Rəşadətlə yaşayanlar - ölümü fəth edənlər”, “Zəfəri yaşayanlar, yaşadanlar”, “Fədailər”, “44 Gün Zəfər yolunda” və s. kitablar yer alıb, kitablar barədə şagirdlərə hərtərəfli məlumat verilib.