30 oktyabr tarixində F. Köçərli adına Respublika Uşaq Kitabxanasının 3 saylı filialı və "Bizim bilik kursları"nın nəzdində fəaliyyət göstərən "Bizim baxça"nın birgə əməkdaşlığı ilə "Yaşıl dünya naminə həmrəylik ili" çərçivəsində "Təbiəti qoruyaq" adlı tədbir keçirilib.
Tədbirdə balaca fidanlara doğma yurdun təbiəti haqqında məlumat verib. Daha sonra isə yazıçı Zahirə Cabirin uşaqlar üçün yazdığı "Təbiətdən məktub" kitabından hekayələr oxunub. Məişət tullantılarının təbiətə vurduğu ziyandan, təbiətin müdafiəçilərinin təşəbbüskarlığından bəhs edən hekayələrdən söhbət açılıb. Qeyd edilib ki, bu hekayələrdə ana təbiətə qayğıdan, ətraf mühitin qorunmasından bəhs edilir.
Tədbir çərçivəsində uşaqlar təbiətə həsr olunmuş şeirlər səsləndirib, onu qorumağa hər zaman hazır olduqlarını dilə gətiriblər.