27 sentyabr 2024-cü il tarixində F.Köçərli adına Respublika Uşaq Kitabxanasında “Zəfərə gedən yol” adlı tədbir keçirilib. “27 Sentyabr - Anım Günü” münasibətilə keçirilən tədbirdə qonaq qismində uşaq yazarı, Çinarə Köçərli və M.Rahim adına 7 saylı məktəbin 6-ci sinif şagirdləri iştirak edib. Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş şəhidlərimizin əziz xatirəsi 1 dəqiqəlik sükutla yad edildikdən sonra Azərbaycan Respublikasının Dövlət Himni səsləndirililib. Sonra kitabxananın direktoru Əməkdar Mədəniyyət işçisi Şəhla Qəmbərova tədbiri açıq elan edib və çıxışında Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın şanlı Ordusu tərəfindən 44 günlük Vətən müharibəsində qazanılan parlaq qələbədən bəhs edib və bildirib ki, ölkə başçısının 2020-ci il 2 dekabr tarixli Sərəncamına əsasən təsis edilən Anım Günü Vətən müharibəsində qəhrəmancasına döyüşən, ölkəmizin ərazi bütövlüyü uğrunda canlarından keçən əsgər və zabitlərimizə olan dərin ehtiramın ifadəsidir.
Daha sonra kitabxananın əməkdaşı 44 günlük zəfərlə yekunlaşan Vətən müharibəsinin qısa icmalını və mövzu ilə bağlı məlumatları özündə əks etdirən kitabları şagirdlərə təqdim edib. İncəsənət Gimnaziyasının 6-cı sinif şagirdi Əsmər Baratzadə skripkada Üzeyir bəy Hacıbəylinin “Koroğlu” operasından üvertura ifa edib.
Tədbirdə yazıçı Çinarə Köçərli, uşaqlara üç cildli “44 gün Qarabağda” adlı kitabı haqqında məlumat verib. Yazıçı uşaqlara Vətən müharibəsi ilə bağlı suallar ünvanlayıb və ən doğru cavabı səsləndirən iki məktəbliyə kitablarını hədiyyə edib. Həmçinin məktəblilər birgə şəhid Xudayar Yusifzadədən bizə xatirə qalan - Əliağa Vahidin sözlərinə yazılan “Vətən yaxşıdır” təsnifini ifa ediblər.
Sonda Şəmistan Əlizamanlının “Vətən əmanəti” nəğməsi Əsmər Baratzadənin təqdimatında ifa olunub.