13 iyun tarixində F.Köçərli adına Respublika Uşaq Kitabxanasında “İnsan Hüquqları Aylığı çərçivəsində” Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi yanında fəaliyyət göstərən “Uşaq Səfirlər Məclisi”nin üzvlərinin iştirakı ilə “Bu da mən..” adlı maarifləndirmə tədbiri keçirilib.
Bakı şəhərinin 21 və 177 saylı məktəblərinin müəllim və şagird heyətinin iştirakı ilə keçirilən tədbirdə Respublika Uşaq Kitabxanasının elmi işlər üzrə direktor müavini çıxışında qeyd etdi ki, Ulu öndər Heydər Əliyev 1998-ci il iyunun 18-də Azərbaycan Respublikasında "İnsan hüquqlarının müdafiəsinə dair Dövlət Proqramı"nı təsdiq edib.
Tədbirdə “Uşaq Səfirlər Məclisi”nin üzvü Məryəm Hacıyeva, Rüfət Əzizzadə, Nəzrin Bayramlı 2020-ci il “Könüllülər ili”ndə uşaqların da bu prosesə töhfə verməsi, iştirakının təmin olunması, eləcə də uşaqlarda müstəqil özünü ifadə etmək bacarığının, idarəetmə mədəniyyətinin formalaşması məqsədilə məclisin yaradılması tarixindən söhbət açdılar. Məclis üzvləri tərəfindən uşaq hüquqlarının müdafiəsi, böyüyən dövr ərzində uşaqların fiziki və psixoloji inkişafı, onları narahat edən məsələlər barədə müzakirələr aparıldı, streotiplər və komplekslər haqqında slaydlar izlənildi, onların həlli istiqamətində təkliflər irəli sürüldü. Məclis üzvəri olan uşaqlar qeyd etdilər ki, müsbət davranışlar, oxuduğumuz kitablar, əldə etdiyimiz məlumatlar və s. bir pillə bizi irəli aparır. Həmçinin, oxumaqdan, öyrənməkdən, inkişaf etməkdən imtina etdiyimiz və məhrum qaldığımız hər gün geri qalmağımıza səbəb olur.
Tədbir iştirakçıları dünyanın hər yerində uşaqların öz enerji, fərdi bilik və bacarıqlarını artırmağa yönəltməklə, özünə inam və inkişafın bütün istiqamətləri üzrə qayğı ilə əhatə olunması fikrində olduqlarını bildirdilər.
Tədbir uşaqların fəal iştirakı ilə müzakirələr şəklində keçirilib, onları maraqlandıran suallar cavablandırılıb.