20 aprel tarixində F.Köçərli adına Respublika Uşaq Kitabxanasında 23 Aprel – “Ümumdünya Kitab və Müəlliflik Hüququ Günü” ərəfəsində Sabunçu rayon 215 nömrəli məktəbin şagirdlərinin iştirakı ilə yazıçı Gülzar İbrahimovanın görüşü keçirilib.
“Ümumdünya Kitab və Müəlliflik Hüququ Günü” YUNESCO-nun 1995-ci il noyabrın 15-də Parisdə keçirilən 28-ci sessiyasında elan edilmişdir.YUNESCO kitabları və müəlliflik hüququnu təbliğ etməklə yaradıcılığın, mədəni müxtəlifliyin və bütün fəaliyyət sahələrində biliklərə bərabərhüquqlu əlçatımlığın tərəfdarı kimi çıxış edir, kitab işinin və qiraətin təşviqinə kömək edir. Azərbaycan Respublikasında “Ümumdünya Kitab və Müəlliflik Hüququ Günü” 1997-cı ildən qeyd olunur.
Qeyd edək ki, Gülzar İbrahimova “Sehirli dünya” jurnalının baş redaktoru, 65 dən çox kitabın və 44 elektron kitabın müəllifidir. Şagirdlər yazıçının bir sıra şeirlərini və sözləri Gülzar İbrahimovaya aid olan mahnılar səsləndirib.
Sonda yazıçı məktəbin kitabxanasına müəllifi olduğu “Sirus və Virus”, şagirdlərə isə “Sehirli qız” kitablarını hədiyyə edib.
Tədbirin keçirilməsində məqsəd kitabların uşaq və yeniyetmələrin həyatındakı böyük əhəmiyyətini vurğulamaq, onlarda kitaba, mütaliəyə olan marağın artırılmasıdır.