Fevral ayında maarifçi, pedaqoq, ədəbiyyatşünas, Azərbaycan ədəbiyyat tarixçiliyi elminin banisi F.Köçərlinin anadan olmasının 160 illiyi münasibətilə 23, 25, 28, 234, 322 saylı məktəblərin və Hədəf liseyinin şagirdlərinin Respublika Uşaq Kitabxanasına ekskursiyası təşkil olunub.
İlk olaraq kitabxana əməkdaşı məktəbliləri kitabxana ilə yaxından tanış edib, həmçinin yeni kitabxana texnologiyalarının tətbiqi , oxucuların dünyagörüşünün, mədəni səviyyəsinin yüksəlməsində kitabların müstəsna rolundan bəhs edib.
F. Köçərlinin uşaq folkloru sahəsində olduqca böyük və əvəzolunmaz xidmətləri vardır. Ədibin "Balalara hədiyyə” kitabı uşaq folklorunun toplanılıb nəşr etdirilməsi yolunda atılmış ən böyük addımdır. Azərbaycan folklorunun ilk antologiyası olan "Balalara hədiyyə” kitabı uşaqların dünyagörüşünün formalaşmasında, həyat və təbiət haqqında təsəvvürlərin yaradılmasında böyük rol oynayıb. Sonda şagirdlərə Firidun bəy Köçərlinin həyat və yaradıcılığından, sonralar onun yolunu davam etdirən ömür-gün yoldaşı Badisəba xanımın fəaliyyətindən, onun Bakıda, Şəkidə internat məktəblərinin açılmasında göstərdiyi müstəsna rolundan bəhs edən sənədli film təqdim edilib.
Ekskursiyaların təşkil olunmasında əsas məqsəd uşaqları Respublika Uşaq Kitabxanasının zəngin fondu ilə tanış etmək, onlarda mütaliə mədəniyyətinin və kitaba olan marağı artırmaqdır.