17 aprel tarixində Firudin bəy Köçərli adına Respublika Uşaq Kitabxanasında Rüstəm Əliyev adına Binəqədi rayon 3 nömrəli tam orta məktəb şagirdlərinin iştirakı ilə “Nağıllar aləminə səyahət” adlı nağıl saatı baş tutub.
Tədbiri giriş sözü ilə açan kitabxananın elmi işlər üzrə direktor müavini nağılların uşaqların vətəndaş kimi formalaşmalarına güclü təsir göstərməsindən, onların tərbiyəsində ailə, məktəb nə qədər böyük rol oynayırsa, ədəbiyyatın da bir o qədər mühüm əhəmiyyət daşıması barədə məlumat verib. Direktor müavini çıxışında qeyd edib ki, nağıllar şifahi xalq ədəbiyyatının ən zəngin növlərindən biridir. Xeyrin şərə, işığın zülmətə, yaxşının yamana zəfər çalması və başqa şəkillərdə təzahür edən nikbinlik, xoşbəxt gələcəyə inam xalq nağıllarının başlıca keyfiyyətlərindəndir.
“Nağıl saatı”nda kitabxananın əməkdaşı uşaqlara müxtəlif nağıllar oxuyub. Uşaqlar nağılları diqqətlə dinləyib, sevdikləri personajlar haqqında danışıblar .
Nağıl saatlarının təşkil edilməsində əsas məqsəd bədii əsərlərdəki obrazlar, psixoloji hallar, hadisələrin inkişafı vasitəsi ilə uşaqların dünyagörüşünü genişləndirməklə yanaşı kiçikyaşlı oxucuları kitaba və mütaliəyə həvəsləndirməkdir.