18 sentyabr ölkəmizdə Milli Musiqi Günü kimi qeyd olunur. Bu tarix Şərqdə ilk operanın müəllifi, Azərbaycan peşəkar musiqi sənətinin banisi, böyük musiqişünas-alim Üzeyir Hacıbəylinin doğum günü ilə əlaqədardır. Üzeyir Hacıbəylinin Azərbaycan musiqi sənətinin inkişafında misilsiz xidmətlərini nəzərə alaraq 1995-ci il 18 sentyabr tarixində ümummilli lider Heydər Əliyev tərəfindən sərəncam imzalandı. Sərəncama əsasən hər il Ü.Hacıbəylinin doğum günü Milli Musiqi Günü kimi ölkə miqyasında qeyd olunur.
Əsərləri dünya musiqi incilərindən hesab edilən Üzeyir Hacıbəyov 18 sentyabr 1885-ci ildə, Şuşa qəzasında anadan olub.Üzeyir Hacıbəyov 1908-ci il yanvarın 18-də Bakıda H. Z. Tağıyevin teatrında tamaşaya qoyulan "Leyli və Məcnun" operası ilə təkcə Azərbaycanda deyil, bütün müsəlman Şərqində opera sənətinin əsasını qoyub. O, həm də Azərbaycanda musiqili komediya janrının yaradıcısıdır. Ü. Hacıbəyovun "Ər və arvad", "O olmasın, bu olsun", "Arşın mal alan" musiqili komediyalarında o dövr Azərbaycan məişəti, xalq adət və ənənələri öz əksini tapıb.
F.Köçərli adına Respublika Uşaq kitabxanası tərəfindən hazırlanmış “Sərhədsiz İncəsənət” adlı video çarx 18 sentyabr “Milli Musiqi Günü”nə həsr olunub.
Təqdim olunan video çarxın əsas məqsədi virual oxucuları məlumatlandırmaq, həmçinin kitabxananın fondunda olan, mədəniyyətin musiqi və incəsənət sahəsini əhatə edən resurslarla onları tanş etmək və dünyagörüşlərinin artırılmasına xidmət etməkdir.
Video çarxda Üzeyir Hacıbəyov, Bülbül, Niyazi, Fikrət Əmirov, Qara Qarayev yaradıcılığı barədə ümumi məlumat verilib.