Azərbaycan mədəniyyətinə ağır itki üz verib. Uzun illər Firidun bəy Köçərli adına Respublika Uşaq Kitabxanasına rəhbərlik etmiş Əməkdar Mədəniyyət İşçisi Quliyeva Fizurə Müseyib qızı ömrünün 82-ci ilində əbədiyyətə qovuşub.
Mənalı ömür yolu keçən Fizurə Quliyevanın mədəniyyət sahəsində yarım əsrə çatan ciddi və fədakar fəaliyyəti çağdaş mədəniyyət işçiləri üçün sözün əsl mənasında örnəkdir. Həmkarları Fizurə xanımı hər zaman mədəniyyətimizin yorulmaz fədaisi kimi dəyərləndiriblər.
Fizurə xanım Quliyeva 1941-ci ildə Naxçıvan şəhərində anadan olmuşdur. 1962-1968-ci illərdə Azərbaycan Dövlət Universitetinin Kitabxana-biblioqrafiya fakültəsində ali təhsil almışdır.
Əmək fəaliyyətinə 1960-cı ildə M.S.Ordubadi adına Naxçıvan Respublika Kitabxanasında başlamış və 1962-1975-ci illərdə şöbə müdiri, 1975-1976-cı illərdə elmi işlər üzrə direktor müavini, 1976-1983-cü illərdə kitabxananın direktoru vəzifəsində çalışmışdır.
1984-cü ildən 2013-cü ilə qədər F.Köçərli adına Respublika Uşaq Kitabxanasına rəhbərlik etmişdir. Fəaliyyət göstərdiyi müddət ərzində o, öz vəzifəsinə daim məsuliyyətlə yanaşmış, kitabxananın təkcə ölkəmizdə deyil, xaricdə də tanınmasında xidmətləri olmuşdur. Belə ki, İFLA, Krım beynəlxalq konfranslarda iştirak etmiş, Türkiyə, Ukrayna, Rusiyada elmi ezamiyyələrdə ölkəmizi təmsil etmişdir.
2006- 2013-cü illərdə Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə “Göy qurşağı” jurnalının təsisçisi olmuşdur. Dərgi minlərlə məktəblilərin sevimli jurnalına çevrilmiş, oxucular dəfələrlə kitabxanaya göndərdikləri məktublarla öz təşəkkürlərini bildirmişlər.
Fəaliyyət göstərdiyi müddətdə dəfələrlə fəxri fəmanlara, 2006-cı ildən Əməkdar Mədəniyyət İşçisi fəxri adına layiq görülmüşdür.
Allah rəhmət eləsin.