29 noyabr tarixində F.Köçərli adına Respublika Uşaq Kitabxanası Abşeron rayonu Qobu qəsəbə Q.Xalıqov adına 1 saylı məktəblə birgə Azərbaycanın görkəmli ədəbiyyatşünas alimi, tanınmış maarifpərvər, ictimai xadim, publisist-yazıçı, tənqidçi və tərcüməçi Firidun bəy Əhməd ağa oğlu Köçərlinin anadan olmasının 160 illiyi münasibətilə “Balalara hədiyyə” adlı tədbir keçirib.
Tədbirdə Abşeron rayon Təhsil şöbəsinin, Azərbaycan Milli Elmlər Akademiyasının Folklor İnstitutu və N.Gəncəvi adına Ədəbiyyat İnstitunun əməkdaşları, BDU-nin filologiya üzrə elmlər doktoru Məti Osmanoğlu və digər qonaqlar iştirak edib. Tədbir Azərbaycan Dövlət Himninin səslənməsi və Şəhidlərin ruhunun 1 dəqiqəlik sukutu ilə başlayıb. IV sinif şagirdləri ilə hazırlanmış bədii kompozisiyada “Balalara hədiyyə” kitabından folklor nümunələri – yanıltmaclar, bayatılar, sanamalar, nazlamalar, nağıl və mənzumələrdən səslənmiş, milli rəqslər, mahnılar tədbirə xüsusi bir rəng qatıb. Çıxış edənlər qeyd etdilər ki, F.Köçərli Azərbaycan ədəbiyyatının tarixi inkişaf yoluna dair qiymətli mənbə təşkil edən əsərlər yaradıb, ictimai-mədəni fikrin təşəkkülünə mühüm töhfələr verib, həmçinin uşaq folklorunun toplanılması sahəsində də mühüm işlər görüb. Ədibin “Balalara hədiyyə” kitabı uşaq folklorunun toplanılıb nəşr etdirilməsi yolunda atılmış ən böyük addımdır. Azərbaycan dilinin tarixi və inkişafı haqqında, habelə bədii dil məsələsinə dair bir sıra maraqlı və orijinal fikirlər söyləyən Köçərli: “Ananın südü bədənin mayəsi olduğu kimi, ana dili də ruhun qidasıdır. Hər kəs öz anasını və vətənini sevdiyi kimi, ana dilini də sevməlidir”- deyirdi. Azərbaycan mədəniyyəti tarixində dərin iz qoymuş əvəzolunmaz ədəbiyyatşünas Firidun bəy Köçərli illər ötsə də hörmətlə anılacaq, yada düşəcək, xalqımız böyük mütəfəkkirimizi heç vaxt unutmayacaq.
Tədbir iştirakçıları foyedə təşkil olunan ənənəvi kitab sərgisi və uşaqların əl işləri ilə də tanış oldular. Respublika Uşaq Kitabxanasının elmi işlər üzrə direktor müavini məktəbin kitabxanasına ulu öndərin 100 illik yubileyinə həsr olunmuş “Böyük Azərbaycanlı” və “Təbiətdən məktub” kitablarını hədiyyə etdi.
Beləcə, maarifçilik, işıqlı gələcək üçün döyünən bir ürək sahibi, Vətən fədaisinə həsr olunmuş, tədbir xatirə şəkillərinin çəkilişi ilə başa çatdı.