8 iyun tarixində F. Köçərli adına Respublika Uşaq Kitabxanasında yazar, Azərbaycan Jurnalistlər Birliyinin üzvi Əziz Sultanın “Zəfər yolunda 44 gün” kitabının təqdimatı baş tutdu. Tədbirdə “Könüllülük fəaliyyətinin təbliği” Gənclər İctimai Birliyinin idarə heyətinin üzvi İsmət Əmrahov, 8 və 21 saylı tam orta məktəbin müəllim və şagird kollektivi, digər qonaqlar iştirak etdi. Təqdimat respublikamızın ərazi bütövlüyünün qorunması, bərpası və torpaqlarımızın işğaldan azad edilməsi uğrunda döyüşlərdə şəhidlik zirvəsinə ucalan Vətən övladlarının xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başladı. Kitab təqdimatının əsas məqsədi döyüşkən ruhlu vətən oğullarının və ümumiyyətlə xalqın birliyi, mərdliyi, şücaəti və fədakarlığı daha yaxşı anlaşılsın. Bu hadisələr gələcək nəsillərdə milli şüurun, özünədərkin formalaşmasına xidmət edən tarixi sərvətimizdir və bunları keçmişi gələcəyə bağlayan, ən möhkəm körpülər olan kitab səhifələrinə əks etdirmək ən zəruri bir ehtiyacdır. Vətən yolunda tökülən hər damla qan, hər damcı tər müqəddəsdir. Odur ki, istər döyüş meydanında , istərsə də arxa cəbhədə yaşanan belə tarixi anları gələcək nəsillərə ötürmək Ana Vətənə qarşı vəfa borcudur. Sonra tədbiri giriş sözü ilə F. Köçərli adına Respublika Uşaq Kitabxanasının direktoru Şəhla Qəmbərova açaraq gənc yazarın əbədi fəaliyyəti haqqında iştirakçılara ətraflı məlumat verdi. Qeyd edildi ki, yazarın ilk şeiri 1993-cü ildə Türkiyədə “Altın çocuk” uşaq jurnalında nəşr olunub və sonrakı illərdə “Uğur”, “İrfan”, “Təbəssüm” kimi jurnallarda, bir çox internet saytlarında zaman-zaman hekayə və şeirləri işıq üzü görüb. Onun ilk kitabı “Adəmin yuxusu” (2013) və “Ən gözəl hədiyyə” (2013) kitabları olub. Daha sonra “Xəzinə” (2014), “Sehrli sandıq” (2015), “Vətən çağıranda” (2017), “Hekayələrlə hikmətlər” (2017), “Qarışqa uşaq” (2019) kimi nağıl, hekayə və fantastik janrda macəra kitabları nəşr olunub. Müəllif həmçinin tarixi şəxsiyyətlərin gənc nəsillərə tanıdılması məqsədi ilə qələmə aldığı “Seyid Yəhya Bakuvi” (2017), “Qardaşlıq dastanı və Nuru paşa” (2018), “Bakıdakı son osmanlı – Novruz baba” (2019) kimi əsərlərin də müəllifidir.
Digər çıxış edənlər kitabın əhəmiyyətindən söz açdılar. Görüşdə məktəblilər Vətənə, şəhidlərə və bayrağa həsr olunmuş şeirlər söylədilər, Xudayar təsnifini ifa etdilər. Çıxış edən Əziz Sultan kitabda yer almış hekayələrdən hər birinin yaşanmış hadisələr və real faktlar əsasında yeniyetmə və gənclər üçün qələmə aldığını söylədi və uşaqlara həsr olunmuş şeirini oxudu. Tədbirin sonunda yazarın uşaqlara imzalı kitabı hədiyyə edildi. Tədbir müəllifin iştirakçılarla xatirə foto-şəkillərinin çəkilişi ilə başa çatdı.