17 may tarixində Respublika Uşaq Kitabxanasında uşaq yazarı, publisist Gülzar İbrahimova ilə Binəqədi r-n N.Babayev adına 144 saylı tam orta məktəbin şagirdlərinin görüşü keçirilib. Tədbirin keçirilməsində məqsəd uşaqların kitaba olan marağını və dünyagörüşünü artırmaqdır. Kitabxananın əməkdaşı tədbiri giriş sözü ilə açaraq, G.İbrahimovanın həyat və yaradıcılığı haqqında məlumat verdi. Tədbir məktəbli uşaqların hazırladığı şeirlər və bir-birindən maraqlı kiçik səhnəcikləri ilə davam etdi. Balaca məktəblilər içərisində hətta öz şeirlərini və kiçik nağıllarını səsləndirənlər də oldu. Gülzar nənə onları maraqlandıran bütün sualları cavablandırdı və sonra öz şeirlərindən də uşaqlar üçün oxudu. Yazıçının «Dünyanın ən güclüsü», «Tənbəlin nağılı», «Tülkü balası», «Su pərisi», «Od xəzinəsi», «Göy qurşağı qardaşlarının yeddi nağılı», «Sehirli nağıllar», «Dəniz balası», «Dəhşətli nağıl», «Göydə neçə ulduz var?» və digər kitablarında müxtəlif mövzulu nağıllar və şeirlər toplanmışdır. Qeyd edək ki, G.İbrahimova “Sehirli dünya” jurnalının baş redaktoru, 65 dən çox kitabın və 44 elektron kitabın müəllifidir, onlardan yalnız biri böyüklər üçündür. Tədbirin sonunda balaca məktəblilərin Gülzar nənəyə hədiyyələri də oldu. Gülzar nənə isə uşaqlara öz şeirlərindən hədiyyə etdi və onlarla birlikdə şəkil çəkdirdi. Məktəblilər kitabxanadan xoş əhval-ruhiyyə ilə ayrıldılar.