15 aprel 2022-ci il tarixində “Oxu saatı” layihəsi F. Köçərli adına Respublika Uşaq Kitabxanasının təşkilatı dəstəyi ilə baş tutdu. Bakı Kitab Mərkəzinin uşaq guşəsində keçirilən görüşün qonağı, Əməkdar artist Elnur Kərimov oldu. Tədbirdə Sağlamlıq imkanları məhdud uşaqlar üçün 3№-li Respublika Xüsusi İnternat Məktəbinin və AMK tərkibində İncəsənət Gimnaziyasının şagirdləri iştirak etdilər. Elnur Kərimov mərkəzə gələn şagirdlər üçün dünya xalqlarının müxtəlif nağıllarını oxudu. Nağılları sağlamlıq imkanları məhdud uşaqlar üçün jest dilinə Səssiz Ünsiyyət-Jest Dilinin İnkişafına Dəstək İB-nin jest dili təlimçisi Könül Quliyeva tərcümə etdi. Oxunan nağıllar uşaqların böyük marağına səbəb oldu. Sonda Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının aktyoru Elşən Hacıbabayev uşaqlarla birlikdə Abdulla Şaiqin şeirlərini təqdim etdi.
Tədbirin keçirilməsində əsas məqsəd sağlamlıq imkanları məhdud uşaqların cəmiyyətə tam və səmərəli inteqrasiyasını, informasiya əldə etmək və özlərini inkişaf etdirmək imkanlarını, o cümlədən, həmin uşaqlara mədəni xidmət göstərməklə sosial reabilitasiyalarını təmin etməkdir. Həmçinin, bədii qiraət vasitəsi ilə uşaqların dünyagörüşünü genişləndirməklə yanaşı kiçikyaşlı oxucuları kitaba və mütaliəyə həvəsləndirməkdir.