20 may tarixində F. Köçərli adına Respublika Uşaq Kitabxanasında Balaxanı qəsəbəsi 259, 69 və 4 №-li tam orta məktəb şagirdlərinin № 1 Gilan Çörək Zavodunun əməkdaşları ilə görüşü oldu. Görüş zamanı çörək zavodunun əməkdaşları şagirdlərə çörəyin bişirilmə texnologiyası və avadanlıqları haqqında geniş məlumat verdi. Qeyd olundu ki, çörəyin bizim həyatımızda əhəmiyyəti böyükdür. Çörək bütün xalqların süfrəsində qəbul edilmiş ənənəvi qida məhsuludur. Çörək bərəkətdir, onu sevmək və qorumaq lazımdır. Bu, çörəyin müqəddəsliyinə böyük inamdan irəli gəlir. Çörək hər bir xalqın və bütövlükdə ölkənin sərvəti olmaqla yanaşı, həm də qüdrətidir. Uşaqlar çörək zavodu ilə bağlı əməkdaşların hazırladığı videoçarxı izlədilər. Tədbirin davamında bütün iştirakçılara çörək zavodunun bişirdiyi un məmulatlarından məhsullar təqdim edildi və tədbir xatirə şəkillərinin çəkilişi ilə başa çatdı.