Bulqakov, Mixail Afanasyeviç. Ağ qvardiya : Rus dilindən tərcümə / M. A. Bulqakov ; tərc.ed. N. Qocabəyli. - Bakı : TEAS PRESS Nəşriyyat evi, 2018. - 360 s.
Mixail Bulqakovun debüt romanı "Ağ qvardiya" Ukraynadakı 1918-ci il vətəndaş müharibəsi zamanı bir rus ziyalı ailəsinin və onların dostlarının yaşadığı sosial kataklizmlərdən bəhs edir. Roman əsas etibarilə avtobioqrafikdir, burada bütün əsas surətlərin prototipi var. Onlar Bulqakovlar ailəsinin qohumları, dostları və tanışlarıdır. Əsərin dekorasiyaları Kiyev küçələri və Bulqakovlar ailəsinin 1918-ci ildə yaşadığı evdir. Romanın əlyazması qorunmasa da tədqiqatçılar bir çox obrazların prototipinin həyatını, əsərdə təsvir olunan hadisələri dəqiqliklə təsbit ediblər. Müəllif öz roman-rekviyemində rus intelligensiyasının tar-mar olan dünyasını təsvir edir. Əsər vətəndaş müharibəsini əhatə edən böyük trilogiyanın birinci hissəsi təsirini bağışlayır. Bir parçası ilk dəfə 1925-ci ildə "Rossiya" jurnalında dərc olunan "Ağ qvardiya" tam halda 1927-1929-cu illərdə Fransada işıq üzü görüb. Tənqidçilər romanı birmənalı qarşılamayıblar. Sovet tənqidçiləri müəllifi "sinfi düşmənləri qəhrəmana çevirməkdə", mühacir ədəbi tənqid isə sovet hakimiyyətinə loyallıqda ittiham edib. Bulqakov sonradan "Ağ qvardiya"nın əsasında "Turbinlərin günləri" adlı pyes yazıb, əsər bir neçə dəfə ekranlaşdırılıb.