28 mart- 01 aprel tarixlərində Ceyranbatan qəsəbə 1 №-li tam orta məktəbin, Eldar Məmmədov adına 21 №-li tam orta məktəbin, M.Hüseynzadə adına 19 №-li tam orta məktəbin şagirdləri və "İndigo" uşaq bağçasının balacaları kitabxanamıza ekskursiya etdilər.Kitabxananın əməkdaşı uşaqları kitabxana ilə tanış etdi, kitabxanada təşkil olunmuş kitab sərgiləri, elektron kitabxana ilə bağlı məlumat verdi. Uşaqlar kitabların kitabxana qaydası ilə işlənməsi, oxuculara verilməsi işi ilə bağlı informasiya əldə etdilər. Balacalar nağıl otağında müasir nağıllarımızı müzakirə etdilər, məktəblilər kiçik oxu zalında “Danışan kitablar”la, qeyri-adi formalı – panoramalı, hissiyatlı, səhifələndikcə özü oxuyan, səsli düymələrlə idarə olunan, parçadan hazırlanmış və s. kitablarla tanış oldular. Eyni zamanda, məktəblilərə Azərbaycan Respublikası Prezidentinin 29 dekabr 2021-ci il tarixli sərəncamına əsasən İrəvan Müəllimlər Seminariyasının yaranmasının 140 illiyi ilə əlaqədar olaraq 1885-1895-ci illərdə seminariyada müəllimlik etmiş maarifçi, pedaqoq, uşaq folklor antalogiyasının banisi F.Köçərlinin həyat və yaradıcılığı haqqında geniş məlumat verdilər. Qeyd olundu ki, ədibin Azərbaycan ədəbiyyatı tarixinin öyrənilməsində, ölkəmizdə maarifçiliyin təşəkkül tapmasında böyük rolu olmuşdur.Əməkdaşlar, kitabxana ilə bağlı uşaqlara maraqlı olan bütün sualları cavablandırdılar. Uşaqlar kitabxanadan xoş əhval-ruhiyyə ilə ayrıldılar.