10 iyun tarixində F. Köçərli adına Respublika Uşaq Kitabxanasının 1 saylı filialının əməkdaşları, E. Məmmədov adına 21 saylı tam orta məktəbin 3-cü, 4-cü, 7-ci və 9-cu sinif şagirdləri ilə birgə “Mən hüquqlarımı bilirəm” adlı tədbir keçirdi. Tədbirin aparıcısı 18 may-18 iyun İnsan Hüquqları Aylığı çərçivəsində keçirilən tədbirin məqsədini, əhəmiyyətini qeyd edərək bildirdi ki, belə tədbirlər insanlarda şüurlu surətdə hüquqi inamın formalaşması, əhali arasında hüquq mədəniyyətinin yayılması və bu istiqamətdə uğurlu nəticələrin əldə olunmasına öz töhfəsini verir. Belə ki, hər bir Azərbaycan vətəndaşının maraqlarına uyğun dövlət səviyyəsində atılan bütün addımlar insan hüquqlarına verilən ali dəyərin göstəricisidir. Bu baxımdan hər birimiz insan hüquqları mədəniyyətinin təbliğində maraqlı olmalıyıq. Bu, bizim vətəndaşlıq borcumuzdur.
Uşaqlar arasında hüquq və vəzifələri barədə sorğu aparıldı. Şagirdlər yaşamaq, sağlamlıq, istirahət, informasiya almaq və s. hüquqları haqqında öz fikirlərini bildirdilər. Tədbirdə kitabxana əməkdaşları tərəfindən tərtib edilmiş kitab sərgisi və videoçarx izlənildi.
Sonda məktəbin direktoru Elza Bağırzadə uşaq hüquqlarının müdafiəsi haqqında ətraflı məlumat verib, şagirdləri bütün biliklərə yiyələnməyə səslədi. Tədbir iştirakçılarının hər birinə kitabxananın təsis etdiyi ”Göy qurşağı” jurnalı hədiyyə edildi.