24 fevral 2022-ci il tarixində F.Köçərli adına Respublika Uşaq Kitabxanasında İrəvan Müəllimlər Seminariyasının yaranmasının 140 illiyinə həsr olunmuş tədbir keçirildi. Azərbaycan Respublikası Prezidentinin 29 dekabr 2021-ci il tarixində imzaladığı sərəncamına əsasən Bakı şəhəri Yusif Əliyev adına 195 nömrəli tam orta məktəbin şagirdləri 1885-1895-ci illərdə seminariyada müəllimlik etmiş maarifçi, pedaqoq, uşaq folklor antalogiyasının banisi F.Köçərlinin adını daşıyan Respublika Uşaq kitabxanasını ziyarət ediblər.
Kitabxananın əməkdaşı Azərbaycanın görkəmli ədəbiyyatşünas alimi, tanınmış maarifpərvər, ictimai xadim, publisist-yazıçı, tənqidçi və tərcüməçi Firidun bəy Köçərlinin həyat və yaradıcılığı haqqında geniş məlumat verdi və bildirdi ki, F.Köçərli seminariyanın ilk müəllimlərindən olmuş, geniş mədəni-maarif işləri aparmışdır. Seminariyanın bir çox tanınmış şəxsiyyətlərinin yetişməsində F.Köçərlinin xüsusi xidmətləri olmuşdur. Şagirdlərə kitabxananın www.clb.az saytında yerləşən Elektron-məlumat bazasında Firidun bəy Köçərlinin yaradıcılığı haqqında məlumatları özündə ehtiva edən materiallardan ətraflı məlumat verildi. Qeyd olundu ki, F.Köçərlinin 1912-ci ildə nəşr etdiyi “Balalara hədiyyə” kitabına bir çox uşaq folkloru nümunələri, o cümlədən xalq oyunları daxil edilmişdir. Tədbir zamanı iştirakçılar F.Köçərliyə həsr olunmuş sənədli filmi izlədilər. Məktəblilər F.Köçərlinin maarifçilik fəaliyyətinə həsr olunmuş məruzə və təqdimatları ilə çıxış etdilər. Daha sonra iştirakçılar F.Köçərliyə həsr olunmuş sənədli filmi izlədilər.
Tədbirin sonunda məktəblilər kitabxananın fəaliyyəti və istifadə qaydaları, ənənəvi və virtual kitab sərgiləri haqqında ətraflı məlumat aldılar.