1 mart 2022-ci il tarixində Beynəlxalq Muğam Mərkəzində Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin dəstəyi və Respublika Uşaq Kitabxanasının təşkilatçılığı ilə “Həyata kitabla addımla” adlı tədbir keçirildi. Tədbirin keçirilməsində əsas məqsəd uşaq ədəbiyyatına olan marağı artırmaq, uşaqları mütaliəyə cəlb etmək, həmçinin oxu və mütaliə vərdişlərinin bədii təfəkkürün inkişafında rolunu artırmaqdır. Tədbirdə iştirak edən Azərbaycanın ərazi bütövlüyü üğrunda canlarından keçmiş şəhid övladlarına kitablar hədiyyə olunub. Tədbir 3 saylı Uşaq-Gənclər İnkişaf Mərkəzinin uşaqlarının ifasında dünya ədəbiyyatından nağıl qəhrəmanlarının kompozisiyası və konsert proqramı ilə davam etdi. Tədbirdən sonra bütün uşaqlara 1400-ə yaxın kitab hədiyyə edildi, həmçinin “Ulduz” şokolad fabrikinin hədiyyələri uşaqları sevindirdi.
Tədbirin sonunda kitabxananın direktoru Şəhla Qəmbərova çıxışında qeyd etdi ki, sizin hər biriniz millətimizin, xalqımızın qürur, əyilməzlik simvolu olan şəhidlərimizin yadıgarlarısız. Siz bütün həyatınız boyu qəhrəman valideynlərinizlə fəxr etməyə, qürur duymağa layiq şəxsiyyətlərsiniz. Gələcəyimizin sizin timsalınızda intelektual gücə böyük ehtiyacı var. Bunun üçün, əziz uşaqlar, siz dövrün, zamanın çağırışlarına uyğun elm öyrənməli, inkişafınıza təkan olan amillərə xüsusi diqqət yetirməlisiniz. Məhz bu məqsədlə, bugünkü tədbirimiz “Həyata kitabla addımla” adlanır. Çox istərdim ki, gələcəyimiz olan siz uşaqlar, bu günün məsuliyyətini düzgün başa düşüb özünüzü gələcəyə hazırlayasınız. Bu isə kitabsız, mütaliəsiz mümkün deyil.
Sonra çıxış edən digər qonaqlar Müdafiə Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polkovnik Elvin Əziziov və Azərbaycan Naşirlər Birliyinin sədri Şəmil Sadiq çıxışlarında qeyd etdilər ki, məhz belə tədbirlərin keçirilməsi ən yüksək insani keyfiyyətlərin gələcək nəsillərə təlqin edilməsi üçün gözəl fürsətdir. Çünki, belə yüksək insani keyfiyyətlər bizi bir daha birləşdirir, birliyimizlə, həmrəyliyimizlə layiqli övladlar yetişdirməyə sövq edir.
Tədbirdə Mədəniyyət Nazirliyindən, Ailə Qadın və Uşaq Problemləri Komitəsindən, Bakı şəhər Baş Təhsil İdarəsindən, MİMTA-dan, müxtəlif nəşriyyatlardan, Gəncliyə Yardım Fondundan və digər təşkilatlardan qonaqlar iştirak etdilər.
Tədbir, xatirə şəkillərinin çəkilişi ilə başa çatdı.