Oxucularda Vətənə məhəbbət hissinin daha da möhkəmləndirilməsi və həqiqi vətənpərvərlik məzmununun onlara düzgün anladılması üçün Şəhidlər Xiyabanına təşkil olunan ziyarətlərin böyük əhəmiyyəti var.
18 yanvar tarixində 20 Yanvar faciəsinin 32-ci ildönümü münasibəti ilə F.Köçərli adına Respublika Uşaq Kitabxanasının 1 saylı filialının əməkdaşları Sabunçu rayonundakı 192 saylı tam orta məktəbin 1-ci sinif şagirdləri ilə birgə Şəhidlər Xiyabanını ziyarət etdilər. Vətən uğrunda şəhid olanların məzarlarına tər qərənfillər düzüb, xatirələrini bir daha ehtiramla yad edərək “Əsgər Marşı” oxudular. Sonra kitabxanaya gələrək Azərbaycanın azadlığı və ərazi bütövlüyü uğrunda canlarından keçən vətən oğullarının xatirəsinə şeirlər söylədilər. Tədbirdə çıxış edən kitabxananın elmi işlər üzrə direktor müavini Zahirə Dadaşova 20 Yanvar hadisəsini Azərbaycan xalqının azadlıq mücadiləsində mühüm mərhələ adlandırdı. Qeyd etdi ki, Sovet imperiyası həmin gün Azərbaycan xalqının azadlıq uğrunda mübarizə ruhunu sarsıtmağa çalışsa da, buna nail ola bilmədi. Əksinə, Vətəninin azadlığı uğrunda mübarizəyə qalxmış xalq son ana qədər mübarizə əzmi nümayiş etdirərək, öz istiqlaliyyətinə qovuşdu. Xalqımız 20 Yanvar şəhidlərinin xatirəsini hər zaman əziz tutur. Bu gün məktəblərdə uşaqların vətənpərvərlik ruhunda tərbiyə olunması istiqamətində aparılan işlərə görə tədbir təşkilatçılarına və müəllimlərə öz minnətdarlığını bildirdi.Tədbir iştirakçılarının hər birinə kitabxananın təsis etdiyi “Göy qurşağı” uşaq jurnalı hədiyyə edildi.