2022-ci il – Şuşa İli ilə əlaqədar ölkə Prezidenti cənab İlham Əliyev 14 mart tarixində Azərbaycan bədii fikrinin görkəmli siması Xurşidbanu Natəvanın 190 illik yubileyinin keçirilməsi haqqında sərəncam imzalamışdır. Sərəncamdan irəli gələn tədbirlər çərçivəsində aprelin 4-də F.Köçərli adına Respublika Uşaq Kitabxanasının təşkilatçılığı, Missiya Media qrupunun və Yuri Kovalyov adına 229 saylı məktəbin tərəfdaşlığı ilə "Açıq dərs - Açıq fikir" layihəsi çərçivəsində Xurşidbanu Natəvanın 190 illiyinə həsr olunmuş “Tək inci” adlı tədbir keçirildi. Tədbirin keçirilməsində əsas məqsəd gənc nəsildə milli mədəni irsə qayğı və mənəvi dəyərlərə ehtiram hissinin aşılanması, Azərbaycan ədəbiyyatı tarixində diqqətəlayiq yer tutan söz ustalarının həyat və yaradıcılığının tanıdılmasıdır.
Məktəbin foyesindən başlayan tədbirdə Qarabağ şikəstəsinin sədaları altında Şuşa qalası qarşısında Pənah xan, Xarı bülbül, Fransız yazıçısı A.Düma obrazları canlandı. Xudayar təsnifi ifa olundu.Xan qızı Natəvanın “Qərənfil”, “Bənövşə”, “Könlüm” və s. qəzəlləri səsləndi, Qarabağ mətbəxinin şirniyyatları qonaqlara təqdim olundu.
Tədbirin bədii hissəsində İ.Əfəndiyevin “Xurşüdbanu Natəvan” pyesi əsasında kompozisiya təqdim edildikdən sonra iştirakçılar bilik yarışmasına keçid aldı. Yuxarı sinif şagirdləri arasında keçirilən bilik yarışmasında iştirakçıların cavabları münsiflər tərəfindən qiymətləndirilməklə I, II və III yerlər üzrə qalib müəyyənləşdirildi. 1-ci yerə Mirzoyev Əli, 2-ci yerə Hüseynova Çinarə və 3-cü yerə Bodurova Ayşə layiq görüldülər.
Tədbirdə iştirak edən ictimaiyyət nümayəndələrindən - Bakı şəhəri Təhsil idarəsinin inkişaf layihələri sektorunun müdiri-Günay Qurbanova, Millət vəkili Ceyhun Məmmədov, Könül Nurullayeva, Nizami rayon üzrə YAP sədri Ramil Vəlibəyov, AMEA-nın N. Gəncəvi adına Ədəbiyyat İnstitunun elmi katibi, filoloqiya üzrə fəlsəfə doktoru, dosent Aygün Bağırlı, Yeni dövr Azərbaycan dili və ədəbiyyat şöbəsinin müdiri, filologiya elmləri doktoru, prof. İslam Qəribli, filologiya üzrə fəlsəfə doktoru, dosent Günay Qarayeva, M.Füzuli adına Əlyazmalar İnstitunun aparıcı elmi işçisi, filologiya elmləri doktoru prof. Raqub Kərimov, Missiya Media Qrupun baş redaktoru Nicat Dağlar çıxışlarında məktəblilərə, iştirakçılara və təşkilatçılara təşəkkür edərək belə tədbirlərin keçirliməsinin vacibliyini vurğuladılar. Gələcəyimiz olan gənc nəslin vətənə məhəbbət, xalqına hörmət, soykökünə, öz ata-babalarının ənənələrinə sədaqət ruhunda tərbiyə olunmasının əhəmiyyətindən danışdılar.
F.Köçərli adına Respublika Uşaq Kitabxanasının direktoru, Əməkdar mədəniyyət işçisi Şəhla Qəmbərova öz çıxışında Yuri Kovalyov adına 229 saylı məktəbin drektoru, müəllim heyəti və şagirdlərinə xüsusi minnətdarlığını bildirərək, kitabxana adından iştirakçı şagirdlərə diplom təqdim etdi. Sonda “şəhid ailələrimizə hər bir azərbaycanlı diqqət və qayğı ilə yanaşmalıdır”, - deyən məktəbin direktoru Vüsalə Məmmədova şəhid Xudayar Yusifzadənin anası Radə xanım və Yuri Kovalyovun bacısının tədbirdə iştirak etməsini vurğulayaq, - hər zaman sizin yanınızdayıq, bütün Azərbaycan üçün siz çox dəyərlisiniz, - deyə onlara bir daha minnətdarlığını bildirdi.
Tədbir xatirə şəkillərinin çəkilməsi ilə sona çatdı.